Hər bir xalqın varlığı ana dili amili ilə sıx bağlıdır. Doğma dilini qorumayan millət və ya hər hansı etnik qrup gec-tez assimilyasiyaya məruz qalmağa məhkumdur. Ona görə də dil həm varlğımızın, həm də milli kimliyimizin rəmzidir.
Hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Çoxdilli və çoxmədəniyyətli cəmiyyətlər yerli dilləri ənənəvi biliklərin və mədəni irsin ötürülməsi üçün vasitə kimi qoruyub saxlamaqla inkişaf edir. Hazırda dünya əhalisinin 40 faizinin öz danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur, bəzi regionlarda bu rəqəm 90 faizə çatır. Tədqiqatlar təhsildə ana dilindən istifadənin öyrənmə nəticələrinin yaxşılaşdırılması və tənqidi düşünmə bacarıqlarının inkişafı kimi faydalarını nümayiş etdirir. Bu yanaşma həm də biliklərin nəsillər arasında ötürülməsinə və doğma mədəniyyətin qorunub saxlanmasına öz töhfəsini verir. Çoxdilli təhsil siyasəti inklüziv təhsil və yerli dillərin qorunması üçün çox vacibdir. Şagirdin ana dilində təlimin başlaması və tədricən başqa dillərin tətbiqi evlə məktəb arasında maneəni aradan qaldırmağa kömək edə bilər. Ana dilinə əsaslanan çoxdilli təhsil qeyri-dominant, azlıq və yerli dillərdə danışan əhali üçün öyrənməyə çıxışı və onlara daxil olmağı asanlaşdırır.
Ümumiyyətlə, bu gün dünyada 7000-ə yaxın dil var və müxtəlif təşkilatların məlumatlarına görə, onların 45 faizi təhlükə altındadır. Təhsil sistemlərində və hökumətdə yalnız bir neçə yüz dil mühüm rol oynayır, rəqəmsal dünyada isə yüzdən az dildən istifadə olunur. Ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən və qoruyan dillərə görə çoxdilli, multikultural cəmiyyətlər mövcuddur.
Azərbaycanda dövlət səviyyəsində ana dilimizə böyük qayğı var. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Belə ki, Heydər Əliyev Sovet dönəmində rus dilinin dövlət dili statusunda olduğu zaman Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
Ulu Öndərin ana dilimizə qayğısı müstəqillik dövründə daha böyük vüsət alıb. 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli Lider müvafiq Fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda latın qrafikalı əlifbaya tam keçid reallaşıb. Eləcə də, o zamandan 1 avqust ölkəmizdə Ana Dili və Əlifba Günü kimi qeyd edilir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Samir Vəliyev,
Milli Məclisin deputatı