XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 33 il ötür. Bununla əlaqədar olaraq YAP Masallı rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatlarında, idarə və müəssisələrdə anım tədbirləri keçirilir.
Bu tədbirlərdən biri fevralın 20-də Masallı Tarix Diyarşünaslıq Muzeyində “Xocalı faciəsi- Qan yaddaşımız” mövzusunda baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov çıxışında bildirib ki, bu gün Azərbaycanın tarixində ən qanlı faciə olan Xocalı soyqırımının 33-cü ildönümüdür. Faicələrimizi unutmamalı, onların mahiyyətini əsaslı şəkildə bugünkü və gələcək nəsillərə çatdırmalıyıq. “Heç şübhəsiz Xocalı faciəsi XX əsrin son on illiyinin ən dəhşətli faciələrindən biridir. Yüzlərlə günahsız insanın, xüsusilə qadınların, qocaların, uşaqların bir gecədə qətlə yetirilməsi dünya tarixində az rast gəlinən faciələrdəndir” söyləyən E.Kazımov bildirdi ki, 33 il ərzində faciənin mahiyyətini bütün təfərrüatı ilə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ciddi səylər göstərilib. Xocalı faciəsi erməni separatçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində həyata keçirdiyi siyasətlə bağlıdır. Onlara bu çirkin niyyətlərini həyata keçirmək üçün təbii ki, havadarları vardır. Bizi təəssüfləndirən məqam ondan ibarətdir ki, 33 il keçməsinə baxmayaraq Xocalı faciəsinə dünyada layiqli, hüquqi-siyasi qiymət verilməyib. Xocalıda bu vəhşiliyi törədənlərin əməllərinə qiymət verilsəydi, ola bilsin ki, növbəti mərhələdə insanların kütləvi şəkildə qırılması ilə müşaiyət olunan faciələrin müəyyən qismi ya baş tutmazdı, ya da faciələr bu səviyyəyə çatmazdı. Xocalı faciəsinin iştirakçısı olduqlarını ən yüksək tribunalardan belə səsləndirməkdən çəkinməyənlərə bəzi dövlətlərin göstərdiyi diqqət cinayətkara dəstək kimi dəyərləndirilir. Bu gün Ermənistan rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti bu və ya digər dərəcədə Xocalı faciəsinin baş verməsində iştirak etmiş şəxslərdir. Dünya birliyi tərəfindən belə cinayətkarların nəvazişlə qarşılanması təbii ki, riyakarlığın ən yüksək pilləsidir.
Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək qeyd etdi ki, qarşımızda dayanan əsas vəzifə Xocalı faciəsini unutmamaqdır. Digər vəzifə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu istiqamətdə ciddi addımlar atılıb və atılır.
“Hər birimiz Xocalı faiciəsinin yaddaşlarda yaşaması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik” söyləyən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov vurğuladı ki, dünya birliyi müxtəlif dövrlərdə baş verən faciələrə operativ cavab verdiyi təqdirdə Xocalı faciəsinə biganəlik təəssüf doğurmaya bilməz. Sanki dünya birliyi qulaqlarını bağlayıb, gözlərini yumub. Təbii ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə yol açan amildir. İndi dünya bu kimi biganəliklərin acı nəticəsini yaşamaqdadır.
Nahid Rəhimov Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk soyqırım olmadığını diqqətə çatdırdı.
Tədbir iştirakçılarından Humay Əliyeva, Arzu Hüseynova, Afaq Kərimova və başqaları çıxışlarında qeyd etdilər ki, Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünya əsil həqiqəti öyrənməyə səy göstərir. Bir çox ölkələrin parlamentlərində Xocalı soyqırımının gündəmə gətirilməsi və siyasi hüquqi qiymətin verilməsi Azərbaycan diplomatiyasının uğurudur.
Tədbir iştirakçıları sonda muzeydə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan foto sərgiylə tanış oldular.