Bu istiqrazdan gələn vəsait “yaşıl” təyinatlı layihələrin icrasına sərf olunacaq
Xəbər verildiyi kimi, Azərbaycan iqtisadiyyatının flaqmanı, ölkənin ən böyük yerli investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) özünün yeni “yaşıl” istiqrazlarını dövriyyəyə buraxıb. SOCAR-ın “yaşıl” istiqrazları ilə bağlı “SOCAR Capital”ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu “İki sahil”in suallarını cavablandırır:
- Ali bəy, ilk öncə bilmək istərdik ki, SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları digər istiqrazlardan nə ilə fərqlənir?
- Şərtlərinə görə, bunun adi istiqrazdan heç bir fərqi yoxdur, normal istiqrazla tamamilə eynidir. SOCAR-ın “yaşıl” istiqrazlarının digərlərindən fərqliliyi, özəlliyi 5 illikdir, illik 6 faiz gəlir qazandırır, faiz ödənişləri isə 3 aydan bir həyata keçirilməsidir. “Yaşıl Gəlir, Yaşıl Gələcək!” şüarı ilə hazırlanan bu istiqrazlar yalnız vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla kifayətlənmir, eyni zamanda ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını da dəstəkləmək niyyətindədir. İstiqrazlardan əldə olunan vəsait yalnız yaşıl enerji layihələrinə sərf ediləcək. Bu, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərinə dəstək vermək məqsədini güdür.
SOCAR istiqrazları beynəlxalq maliyyə təşkilatları tərəfindən də girov olaraq qəbul edilir, dəstəklənir
- “Yaşıl” təyinatlı istiqrazların əsas auditoriyası kimlərdir? Yəni, iri investorlar, kiçik sahibkarlar, yoxsa bütün vətəndaşlar?
- Hər kəs üçündür. Bütün investorlara açıqdır. Fiziki şəxslər də, hüquqi şəxslər də, sahibkarlar da istiqrazı əldə edə bilər. Hər hansı ayırmadan söhbət gedə bilməz. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix fevralın 28-dir. Martın 7-də yerləşdirmələr aparılacaq. Bu tarixdən 3 aydan bir – iyunda, sentyabrda və dekabrda faiz ödənişləri ödəniləcək. Bir faktı da deyim ki, istiqrazların satışının sonuna sayılı günlər qalır, kifayət qədər satış həyata keçirilib. Tələbin 200 milyondan çox olacağına ümid edirəm.
- “Yaşıl” təyinatlı istiqrazları almaq prosesi necə həyata keçirilir? Onlayn və ya bank vasitəsilə əldə etmək mümkündürmü?
- “Yaşıl” istiqrazları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, eləcə də ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür. Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az veb-saytına müraciət edə bilərsiniz. Bundan əlavə, “Birbank”, “Pashabank”, ABB və “Bank Respublika” vasitəsilə əldə etmək mümkündür.
- “Yaşıl” təyinatlı istiqrazları daha cəlbedici edən əsas amillər hansılardır? Bu istiqrazların likvidlik və gəlirlilik baxımından digər investisiya alətləri ilə müqayisədə nə kimi üstünlükləri var?
- Bank depozitləri ilə müqayisədə bu istiqraz daha cəlbedicidir. Bu istiqrazları girov qoyaraq kredit əldə etmək və başqa iş görmək olar. Məsələn, əgər 10 min dollarlıq istiqrazınız varsa və 2 min dollara ehtiyacınız varsa istiqrazı satmaq, banka girov qoyub kredit götürmək, repo əməliyyatı etmək mümkündür. Repo – müvəqqəti pul ehtiyacını qarşılamaq üçün istiqrazı satmadan istifadə etməkdir. Əslində, istiqrazın gətirdiyi faiz gəliri mənim üçün cazibədardır. Həmin istiqrazdan imtina etmək istəmirəm. Əgər mən istiqrazımı satıb vəsait əldə etsəm, sonra həmin istiqrazı geri almaq istədikdə, bazarda qiymət dəyişikliyi səbəbindən onu daha yüksək qiymətə almaq məcburiyyətində qala bilərəm. Bu vəziyyətdən yayınmaq üçün repo əməliyyatından istifadə edə bilərəm. Repo mənə istiqrazımı satmadan, müvəqqəti olaraq girov qoyaraq lazımi məbləği əldə etmək imkanı verir.
Ödənişlər avtomatik olaraq vətəndaşın bank hesablarına köçürülür
- “Yaşıl” təyinatlı istiqrazların gəlirliliyi necə müəyyənləşir? Faiz dərəcəsi sabitdirmi, yoxsa dəyişiklik mümkündür?
- “Yaşıl” təyinatlı istiqrazların faiz dərəcələri sabit olacaq. 6 faizlik dərəcəsi ilə hər rübdə 1000 dollara görə 15 dollar, illik isə ümumilikdə 60 dollar ödəniləcək. İkinci bazar əməliyyatlarında qiymət dəyişə bilər.
- “Yaşıl” istiqrazlardan əldə olunan gəlirlər vergi tutulmasına məruz qalırmı? Əgər tutulursa, hansı faiz dərəcəsi tətbiq olunur?
- Çox gözəl sualdır. Vətəndaşları ən çox maraqlandıran suallardan biridir. “Yaşıl” istiqrazlardan əldə edilən gəlirlər vergidən azaddır. Ödənişlər avtomatik olaraq vətəndaşın bank hesablarına köçürülür.
- Yeni istiqrazların dəyəri zamanla dəyişə bilərmi? Yəni, bazar tələbi istiqraz qiymətinə təsir edirmi?
- SOCAR əvvəllər iki dəfə – 2016 və 2021-ci illərdə istiqraz buraxıb. Əvvəlki istiqraz təcrübələrimizdə belə bir problem yaşanmayıb. İlk istiqrazlarda SOCAR-ın zəmanəti olduğuna görə dəyər itirmə halı müşahidə edilmədi. Hətta SOCAR-ın zəmanətinin olmadığı ikinci istiqrazlarda belə, bu hal yaşanmadı. Bu, istiqrazlara olan inamın möhkəm olduğunu və kapital bazarlarımızın inkişaf etdiyini göstərir. Bu dəfə isə ilk dəfə olaraq “Yaşıl” istiqraz təqdim edəcək. Əvvəlki təcrübəyə əsaslanaraq deyə bilərəm ki, faizlər sabit qalacaq, qiyməti arta bilər.
- Ali bəy, kupon ödənişləri hansı tarixlərdə və hansı mexanizmlə həyata keçirilir?
- Kupon ödənişləri hər 3 aydan bir həyata keçiriləcək. Ödənişlər avtomatik olaraq vətəndaşın bank hesablarına köçürülür. Vətəndaşlar kupon ödənişlərini banklardakı hesablarından çıxara bilərlər. Hər bir istiqraz üzrə 5 il ərzində ümumi qazanc 300 dollar təşkil edəcək. Əvvəlki istiqrazlarda bununla bağlı hər hansı bir problem müşahidə olunmamışdı. Kupon ödənişləri vaxtında ödənilmişdi.
- “Yaşıl” təyinatlı istiqraz sahibi istədiyi vaxt onları satıb likvid vəsaitə çevirə bilərmi? Yoxsa yalnız müəyyən dövrlərdə satış mümkündür?
- Əlbəttə çevirə bilər. İstiqrazları istənilən vaxt ikinci bazarlarda alıb, satmaq mümkündür. Bayaq da bildirdiyim kimi, istiqrazları girov qoymaqla nağdlaşdırmaq olar. Onları repo əməliyyatları vasitəsilə və ya banklara girov qoyaraq sata bilərsiniz. Repo əməliyyatı mənə istiqrazımı satmadan, lazımi məbləği əldə etmək imkanı verir. Beləliklə, istiqrazın gəlirlərini qoruyub saxlamaqla yanaşı, qısamüddətli maliyyə ehtiyaclarımı da qarşılaya bilirəm.
Hər hansı komissiya tələbindən, xərcdən söhbət gedə bilməz
- İstiqrazların alqı-satqısı zamanı hər hansı komissiya tutulurmu? Məsələn, investor istiqrazı satmaq istəsə əlavə xərc ödəyəcəkmi?
- Xeyr, heç bir komissiya yoxdur. İstiqrazı alanda və ya satanda heç bir ödəniş tələb olunmur. Alqı-satqı zamanı sadəcə investisiya şirkətlərinə nəzərdə tutulan komissiya qiymətlərindən başqa heç bir xərc tələb olunmur. Burada SOCAR-ın hər hansı komissiya tələbindən, birjanın tələbləri çərçivəsində heç bir xərcdən söhbət gedə bilməz.
- “Yaşıl” istiqrazlardan əldə olunan vəsait konkret olaraq hansı layihələrə yönləndiriləcək? Hər hansı spesifik yaşıl enerji layihəsi üzərində iş gedirmi?
- Məlumdur ki, SOCAR-ın Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi yatırım planları mövcuddur. Ona görə də, bu istiqrazın vəsaitləri ilə SOCAR tərəfindən yaradılan “SOCAR Green” adlı şirkət vasitəsilə yaşıl enerji və davamlılıq ilə bağlı müxtəlif layihələrə yatırımı nəzərdə tutulur. Əldə olunan vəsait əsasən günəş və külək enerjisini istehsal edən layihələrə yönləndirilcək. SOCAR-ın burada yaşıl enerji və davamlılıq ilə bağlı müxtəlif layihələrə yatırımı nəzərdə tutulur. Bu istiqrazdan gələn vəsait başqa layihələrdə istifadə edilməyəcək. “Yaşıl” təyinatlı layihələrin icrasına sərf olunacaq.
Tələbat 200 milyon dolları ötüb
- SOCAR-ın əvvəlki istiqraz emissiyaları ilə müqayisədə “yaşıl” istiqrazlara maraq hansı səviyyədədir?
- SOCAR-ın istiqrazlarının yerləşdirilməsi ilə bağlı əvvəlki təcrübələr də bazarın inkişafında mühüm rol oynayıb. İlk istiqraz 2016-cı ildə yerləşdirilərkən çətinliklərlə üzləşsək də, sonrakı dövrlərdə bu istiqrazlara olan inam artıb və yerləşdirmə prosesi daha asan olub. Xatırladım ki, SOCAR-ın ilk istiqrazı 2015-ci il devalvasiyasından sonrakı dövrü əhatə edirdi. Maraq az olmasına baxmayaraq 100 milyonluq istiqrazı sata bildik. İkinci istiqraz isə daha asan oldu. Çünki birinci istiqraz faiz ödənişlərinin vaxtında ödənilməsi, ikinci bazarlarda yaratdığı inamla özünü doğruldaraq buna yol aça bildi. 100 milyonluq ikinci istiqraza 2-3 dəfə artıq tələb qeydə alınmışdı. İkinci istiqrazda əsasən fiziki şəxslərə önəm verilmişdi. “Yaşıl” istiqrazda isə şəxslər arasında fərq qoyulmadı. Hazırda “yaşıl” istiqrazlara maraq daha böyükdür, hətta deyərdim ki, tələbat 200 milyon dolları ötüb.
15 dəqiqə ərzində istiqraza sahib olmaq mümkündür
- Azərbaycan vətəndaşlarının investisiya mədəniyyəti necə formalaşır? “Yaşıl” təyinatlı istiqrazlar insanları investisiya etməyə həvəsləndirirmi?
- Bəli, maraq olduqca böyükdür. Son illərdə azərbaycanlı investorların istiqrazlara marağı əhəmiyyətli dərəcədə artıb. SOCAR-ın ilk istiqrazının buraxıldığı il bu sahə yeni idi, amma indi həm investorlar, həm də şirkətlər istiqrazlar haqqında daha çox məlumatlıdırlar və onlara daha çox etibar edirlər. İkinci istiqraz zamanı insanlarda daha böyük həvəs yaranmışdı. Çünki o zaman fiziki şəxslərə önəm verilirdi. İstiqrazların 60 faizdən çoxunu fiziki şəxslər əldə etmişdi. Düşünürəm ki, bu həvəs “yaşıl” istiqrazda da belə yüksək olacaq.
Son illər ərzində Azərbaycanda maliyyə bazarlarının inkişafını xüsusi vurğulamaq lazımdır. İlk istiqrazı buraxdığımız zaman fiziki şəxslər 2 gün yarım vaxt sərf edirdilər. İndi artıq 15 dəqiqə ərzində istiqraza sahib olmaq mümkündür. Bu da istiqraz bazarlarında fəallığı artırdı. Likvidlik artdı, inamsızlıq aradan qaldırıldı.
SOCAR yaşıl istiqraz buraxılışını davam etdirməyi planlaşdırır
- Gələcəkdə SOCAR daha böyük məbləğdə və ya yeni şərtlərlə “yaşıl” istiqraz emissiyası həyata keçirməyi planlaşdırırmı?
- Bəli, SOCAR yaşıl istiqraz buraxılışını davam etdirməyi planlaşdırır. İlk istiqraz 100 milyon həcmində idisə, “yaşıl” istiqrazlar 200 milyon dollar təşkil edir. Rəqəmlərin, SOCAR-a olan inamın da artması, maliyyə bazarlarının inkişaf etdiyi üçün daha çox istiqraz emissiyası hazırlamağa başladıq. Təbii ki, yeni istiqrazların olması davam edəcək. Hətta 2030-cu ili gözləməyə də bilərik. Çünki həm SOCAR-ın, həm də Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi yatırım planları mövcuddur. Bu investisiyaların həyata keçirilməsi üçün yalnız SOCAR-ın öz mənbələri kifayət etməyəcək. Buna görə də investisiyaların həm ilkin mərhələsi, həm də daha tez bir zamanda reallaşması üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac var. Layihələr irəlilədikcə onların maliyyələşdirilməsi üçün yeni “yaşıl” istiqrazlar buraxılacaq.
Həm qazanırsan, həm də hansısa külək enerjisi istehsal edəcək pərin tikintisinə vəsait qoyursan
- SOCAR-ın yeni emissiyası Azərbaycanda ekoloji şüurun formalaşmasına hansı töhfəni verə bilər?
- “Yaşıl” istiqrazın digərlərindən texniki olaraq heç bir fərqi yoxdur. “Yaşıl” iqtisadiyyata təyinatlı olması xüsusi fərqidir. Düşünürəm ki, dayanıqlılığa və davamlılığa bir töhfən olacaqsa “yaşıl” istiqraza üstünlük verilməlidir. Yatıracağın pulun dünyanın sağlamlaşmasına qatqın olacağını və hansı istiqamətə yönələcəyini bilirsən. Belə düşünən insanlar var. Məsələn, mən həm qazanıram, həm də bilirəm ki, hansısa bir günəş enerjisi paneli və ya külək enerjisi istehsal edəcək pərin tikintisinə vəsait qoyuram.
SOCAR-ın bu təşəbbüsü həm investorlar, həm də təbiət üçün faydalıdır
Geyindiyim paltarın tikilməsində alınan enerjinin mənbəyində mənim də payım var. Hər birimizin təbiətə və gələcək nəsillərə qarşı məsuliyyəti var. Mənim üçün əsas olan gəlirdən çox, gələcək nəsillərə təmiz bir dünya buraxmaqdır. SOCAR-ın bu təşəbbüsü həm investorlar, həm də təbiət üçün faydalıdır. Mən şəxsən belə layihələrə yatırım etməyi vacib hesab edirəm. Məsələn, Avropada “yaşıl” investisiyalar yüksək mənfəətdən çox, ekoloji təsirə fokuslanır. SOCAR-ın bu təşəbbüsü də eyni məqsədə xidmət edir.
SOCAR-ın açdığı yol…
- Sizcə, SOCAR-ın “yaşıl” istiqraz layihəsi gələcəkdə digər dövlət və özəl şirkətlər üçün də nümunə ola bilərmi?
- Hər kəsin yaşıl məsuliyyəti olmalıdır. Avropada “green” deyillər. Dünyada yaşanan iqlim böhranlarına baxdıqda gələcək nəsillərə ekoloji təmiz təbiət bəxş etməyin mümkünsüzlüyü görünür. SOCAR dayanıqlığı təmin etmək məqsədilə Azərbaycanda önəmli layihələr icra etməkdədir. İlk istiqrazın buraxılması ilə maliyyə bazarlarının inkişafı istiqamətində SOCAR-ın böyük xidmətləri olub. Eyni zamanda, SOCAR-ın “yaşıl” layihələrin icrasına sərmayələr yatırması, bu istiqamətdə vəsaitləri cəlb etməsi Azərbaycan dövlətinin və ölkənin gələcəyinə töhfə verir. Bu istiqamətdə SOCAR-ın atdığı addımlar digər dövlət və özəl müəssisələrə örnək olacağına ümid edirəm. SOCAR-ın açdığı yol ilə maliyyə bazarlarında hazırda 39 emitent fəaliyyət göstərir və ümumilikdə 145 emissiya həyata keçirilib. Bütün bunlar SOCAR-ın ilk istiqrazlarından sonra baş verib.
Bu məsələyə sırf maliyyə nöqteyi nəzərindən yox, həm də ekoloji yanaşmaq vacibdir
- Dünya təcrübəsində “yaşıl” istiqrazlara maraq hansı səviyyədədir və SOCAR yeni istiqrazlarla hansı beynəlxalq trendlərə uyğunlaşır?
- Dünyada hazırda yaşıl enerjiyə, bərpaolunan enerjiyə maraq olduqca artıb və artmaqda davam edir. Dünyanın gələcəyi bərpaolunan enerjidədir. Hazırda dövlət qurumları və banklar tərəfindən yaşıl enerji layihələri yaxından dəstəklənməkdədir. Xüsusən investorların yaşıl enerji layihələrinin reallaşdırılmasına dövlətlərin əlavə dəstəyi olur ki, bu istiqamətdə xərclərin bir hissəsini qarşılayırlar. SOCAR istiqrazları “yaşıl” təyinatlı olsa da dövlətin əlavə dəstəyinə ehtiyac duyulmur. Çünki investorlar tərəfindən bu istiqrazlara kifayət qədər maraq göstərilir. Əldə olunan vəsaitlə reallaşacaq layihələrə gələcəkdə dövlət tərəfindən hər hansı bir yardımın olması hələ ki, bilinmir. Hər zaman olduğu kimi, SOCAR emitent kimi öz öhdəliyini “yaşıl” istiqrazlara da yetirəcək.
Bərpaolunan enerjidən bəhs edərkən Çini xüsusilə vurğulamaq lazımdır. Çünki Çin hazırda dünyanın bərpaolunan enerjiyə ən çox investisiya qoyan ölkəsidir. Çin bunu həm öz ölkəsində mövcud olan ekoloji problemlərlə əlaqələndirir, həm də dünyanın gələcəyini yaşıl enerjidə gördüyü üçün edir. Həmçinin Azərbaycan və Türkiyənin yaxın olduğu Avropa coğrafiyası çoxdandır ki, yaşıl enerjinin əhəmiyyətini, strateji vacibliyini dərk edib və layihələri buna yönləndirib. Dünyada olan tendensiyalara baxsaq görərik ki, dövlətlər, banklar yaşıl enerji ilə bağlı kreditləri daha asan və aşağı faiz dərəcələri ilə verirlər. Ona görə də yaşıl enerjinin maliyyə baxımından digər bir üstünlüyü budur. Bu gün dünyada dekarbonizasiya cəhdləri dəstəklənməkdədir. Çünki iqlim problemləri artıq mütəxəssislər tərəfindən illərdir ki, vurğulanır. Bu məsələyə sırf maliyyə nöqteyi nəzərindən yox, həm də ekoloji yanaşmaq mütləq vacibdir. SOCAR “yaşıl” təyinatlı istiqrazlarında bunu xüsusi vurğulamışdı.
Bir faktı da deyim ki, gənclər arasında yaşıl enerjiyə, bərpaolunan enerjiyə maraq gündən-günə artmaqdadır. Yaşıl enerji vasitəsilə əldə olunan məhsullara tələbat gənclər arasında daha yüksəkdir.
Xaricdə yaşayan azərbaycanlılar, xarici investorlar da bu istiqrazlardan ala bilərlər
- Xaricdə yaşayan azərbaycanlılar və ya beynəlxalq investorlar “yaşıl” istiqrazları əldə edə bilərlərmi? Onlar üçün prosedurlar necə tənzimlənir?
- Bəli, xaricdə yaşayan azərbaycanlılar, xarici investorlar da bu istiqrazlardan ala bilərlər. Gəlirdən vergi azadlığı onlar üçün də keçərlidir. Bir faktı da deyim ki, SOCAR istiqrazları beynəlxalq maliyyə təşkilatları tərəfindən də girov olaraq qəbul edilir, dəstəklənir. Fiziki şəxslər üçün önəmli olmasa da, hüquqi şəxslər üçün əhəmiyyətlidir. Hüquqi şəxslər SOCAR istiqrazlarına yatırım edərlərsə, bunu lazım olduqda beynəlxalq maliyyə təşkilatlarına təminat olaraq və ya girov olaraq verib likvidliyi qoruya bilərlər. Bu da SOCAR istiqrazlarına dünya birjalarında inamın artmasını göstərir.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”