Azərbaycan xalqının heç vaxt unutmadığı dəhşətli hadisədən - Xocalı faciəsindən 33 il ötür. 33 il bundan əvvəl qarlı-boranlı, tufanlı, sərt qış gecəsində qədim bir yurd yerimizin günahsız sakinləri “Xocalı xocam mənim, ağsaçlı qocam mənim”, -deyərək dözülməz ah-nalə çəkdi, qəm-kədər yaşadı. Mənfur düşmən çox qəddar və amansız əməlləri ilə biçarə xocalılara arxadan zərbə vurdu. Zaman-zaman məmləkətimizin maddi və mənəvi sərvətləri ilə “qaz vurub, qazan dolduran” ermənilər məsum bir millətə bağışlanmaz xəyanət etdi. Əslində, xəyanət etmək, cinayət törətmək, adam öldürmək, torpaq işğal etmək, təcavüzkarlıq, bədxahlıq və digər zərərli vərdişlər, əməllər Ermənistan dövləti üçün çox adi haldır. Yəni, gözləniləndir. Çünki onların xisləti, xarakteri, dünyagörüşü, fərdi və ümumi keyfiyyətləri bineyi-qədimdən pisliklər üzərində bərqərar olub. Xocalı soyqırımı buna əyani sübutdur.
33 il tarix üçün böyük zaman ölçüsü deyil. Amma bu 33 ilin bütün ağrı-acıları, təəssüf və kədər hissləri bir neçə 33 illərin dərd-qəmi qədər ağır və dözülməzdir. Bu baxımdan, Azərbaycan xalqı 33 illik tarixi olan tarixi ədalətsizliyin – Xocalı faciəsinin tarixini unuda bilmir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən bu faciə bir millətə qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə gerçəkləşən bu qanlı hadisə nəticəsində qədim yaşayış məskənlərimizdən biri olan Xocalı şəhəri sərt bir qış gecəsinin ölüm-dirim meydanına çevrildi, qan su yerinə axdı, günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. Mənfur düşmən öz çirkin əməli ilə bağışlanmaz bir cinayətə yol verdi. Bu cinayət nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Bu statistik rəqəmlər tarix kitablarına əsasən yazılıb və bu rəqəmlər fərqli də ola bilər. Hər bir rəqəm, hər bir itki insan taleyi deməkdir. Bu cəhətdən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir. Bu xüsusda Ulu öndər Heydər Əliyevin bir fikri tam yerinə düşür: Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misligörünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu faciə barədə danışarkən deyd etmişdir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
Biz artıq 33 il əvvəlki Azərbaycan Respublikasının vətəndaşları deyilik. Biz azad, müstəqil, demokratik, dünyəvi, unitar, suveren, hüquqi bir dövlətin vətəndaşlarıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində biz həm də qalib bir ölkənin zəfər çalmış sakinləriyik. 44 günlük Vətən müharibəsi ilə qəhrəman Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Xocalı bizim müqəddəs yurd yerlərimizdən biridir. Və biz doğma Xocalının qisasını qəhrəmancasına aldıq. Biz onlar kimi arxadan zərbə vurmadıq. Biz döyüşdə, savaşda, müharibədə və mübarizədə öz sözümü dedik. Dedik və əməl etdik. Əbədi-əzəli torpaqlarımızın halal sahibi olduq. Ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində, işğaldan azad edilən bütün el-obalarımız, yurd-yuvalarımız kimi, Xocalı da yenidən doğulur, yenidən qurulur, yenidən xocalaşır! Şair demişkən, “Mənim üşcə hecalım, Xocalım, ay Xocalım!”
Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini