Xocalı soyqırımından 33 il keçir. Amma illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Tarixdə öz miqyasına görə analoqu olmayan Xocalı qətliamını törətməkdə erməni şovinistləri qəddarlıqda faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 33 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.
Bütün dünyaya erməni qəddarlığı haqqında həqiqətlərin çatdırılması, dəhşətli faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz bütün zəruri addımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, həmçinin ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Azərbaycan xalqı hər il Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Artıq 5 ildir soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki illər öncə ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. Xalqımıza qarşı 200 ildən artıq müddətdə düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi.
44 günlük Vətən müharibəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı. Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil. Xocalı soyqırımının otuz ikinci ildönümünün respublikamızın bütün ərazilərində anılması ilə əlaqədar dövlət başçımızın 28 yanvar 2022- ci il tarixli sərəncamında da qeyd edilir ki, bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Azərbaycanlılara qarşı Ermənistanın törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Ölkəmiz böyük humanitar fəlakətlə üz-üzə qaldı
Ümummilli lider Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandırmışdır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. [08:35, 2025-02-20] .: İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”. Qeyd edək ki, Xocalı soyqırımı dünənin, bugünün işi deyildi. Bu, Ermənistanın uzun müddət “böyük Ermənistan” dövləti yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biridir. 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşlarımız vəhşicəsində qətlə yetirilib. Hələ çar Rusiyası zamanı bu düşmənçilik ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Ermənilər Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər. Bu amansız soyqırımı günündə xocalılar azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. 1998-ci ildə ümummilli liderin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin dövrdən başlayaraq, Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, həmçinin Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ili böyük izdihamla qeyd olunmuşdur. Bu soyqırımı qurbanlarının xatirəsi paytaxtımızda 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. Bu yürüş dünyanı lərzəyə saldı. Dünya birliyi Xocalı faciəsi ilə daha yaxından tanış oldu. Ümumxalq yürüşündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri öndə gedirdilər. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Eləcə də, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir. Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
27 sentyabr 2020-ci il tarixində xalqımız ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 günlük Vətən müharibəsinin gedişatında işğalçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı, Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bu vəhşiliklərə baxmayaraq, Rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, o cümlədən, bütün şəhidlərimizin qisası alındı.
Xalqımız heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.
Aynur Qənbərova,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin Uşaq birliyi təşkilatı rəhbəri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədrinin müavini