1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Ermənilərin Xocalı şəhərini hədəfə almasının bir sıra səbəbləri var idi. Əsas səbəblərdən biri Xocalının Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, aeroportun Xocalı ərazisində olması idi. Çünki Xankəndinin ətrafındakı erməni mövqelərini Xocalıdan top atəşi ilə sıradan çıxarmaq imkanı var idi. Bu, erməni separatçılarını ciddi narahat edirdi. Digər tərəfdən, Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla öldürüblər. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Bu tarixi biz heç vaxt unutmayacağıq. Bu gün “Xocalıya ədalət” kampaniyası bütün dünya ictimaiyyətinə faciənin çatdırılmasında müstəsna rol oynayır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirilib. Görülən sistemli tədbirlər nəticəsində dünyanın bir sıra ölkələri Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.
Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin sentyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. İndi bütün dünya Azərbayacanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır və proses davam edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri