24 fevral 2025 09:18
80

Amerikalı ekspert: Xocalı faciəsinə təkcə Azərbaycanın məsələsi kimi baxmıram

“Təəssüf ki, hətta 1948-ci il soyqırımı əleyhinə Cenevrə Konvensiyasından çox əvvəl də müharibə cinayətlərinin və soyqırımının uzun bir tarixi mövcuddur”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks Xocalı Soyqırımının ildönümü ilə bağlı deyib.

O bildirib ki, hər hansı bir soyqırımı ilə bağlı maarifləndirmənin aparılmaması bu cür hadisələrin davam etdirilməsinə təkan verir: “Soyqırımı və müharibə cinayətlərinin olmadığı bir dünya görmək üçün ilk addım kimi soyqırımı və müharibə cinayətləri haqqında məlumatlılıq artırılmalıdır. Ona görə də mən Xocalı faciəsinə təkcə Azərbaycanın məsələsi kimi baxmıram. Təbii ki, qurbanlar azərbaycanlılardır və bu, Azərbaycan xalqının acısıdır. Amma bu qurbanlar həm də bütün hərbi cinayətlərin və soyqırımılarının qurbanlarıdır. Beləliklə, bu faciə haqqında məlumatlılığı artırmaqla müharibə cinayəti və soyqırımı qurbanlarının hamısı barədə məlumatlılığı artıra bilərik. Ümid edirəm ki, bunu etməklə belə halın bir də təkrarlanmaması üçün birləşərək beynəlxalq ictimai rəyə və dövlətlərə daha çox təzyiq etmək mümkündür”.