24 fevral 2025 11:19
93

Xocalı soyqırımı – insanlığa qarşı cinayət

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri yaşandı. Ermənistanın silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı amansız soyqırımı törətdilər. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalını tərk edən əhali erməni hərbi postlarının pusqusuna düşdü və onların əksəriyyəti amansızcasına qətlə yetirildi. Yüzlərlə insan soyuq hava şəraitində donaraq həyatını itirdi. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və qocalar da var idi. İşgəncələr və qeyri-insani rəftar bu faciənin miqyasını daha da artırmışdı.

Bu soyqırımı nəticəsində  63  uşaq, 106 qadın, 70 qoca- ümumilikdə  613 nəfər vəhşicəsinə öldürüldü, 8 ailə isə tamamilə məhv edildi. Bu, təkcə insanlara deyil, mədəni irsə qarşı da törədilmiş bir cinayət idi. Tamamilə yerlə-yeksan edilən şəhərdə 3200 fərdi yaşayış binası, 105 sosial-məişət obyekti, 14 məktəb, 21 klub, 29 kitabxana və mədəniyyət ocaqları dağıdıldı. Şəhərin tarixi abidələri, qəbiristanlıqları və türbələri məhv edildi.

Dövlət səviyyəsində Xocalı soyqırımının tanınması və hüquqi qiymət verilməsi  Ulu Öndərimizin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndərin  25 fevral 1997-ci il tarixli Sərəncamında isə  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya  “Soyqırımı”  anlayışını müəyyənləşdirir. Bu konvensiyaya əsasən, Xocalıda baş verən qətliam soyqırımı cinayətinin bütün meyarlarına uyğundur.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər mülki əhaliyə qarşı törədilmiş ən dəhşətli vəhşiliklərdən biri idi. Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə şəhəri işğal edərək, yüzlərlə dinc sakini amansızlıqla qətlə yetirdi. Rəsmi istintaq nəticəsində müəyyən edilib ki, bu hücumlar beynəlxalq hüquq baxımından soyqırımı cinayətinin öldürmə və ağır fiziki-mənəvi işgəncələr,  xüsusi mühafizə olunan etnik qrupun məhv edilməsi, azərbaycanlıların irqi, etnik və milli mənsubiyyətinə görə qəsdən hədəfə alınması kimi  elementləri özündə birləşdirərək beynəlxalq hüquqda “soyqırımı cinayəti” anlayışına tam uyğun gəlir.    

Xocalı soyqırımı bir çox ölkələrin parlament aktlarında tanınmış və qınanmışdır. Bu faciə Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstan kimi ölkələrin qanunverici orqanları tərəfindən qəbul edilən qətnamələrdə qeyd olunmuşdur. Bundan əlavə, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırımı kimi tanımışdır. 2013-cü ilin fevralında Qahirədə keçirilmiş İƏT İslam Zirvə Konfransında qəbul edilən yekun sənəddə üzv dövlətlər Xocalı soyqırımının tanınması üçün səylər göstərməyə çağırılmışdır.

2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının 30 illik doğma yurd həsrətinə son qoydu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qəti qələbə qazanaraq, torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibədə göstərilən qəhrəmanlıq və vətənpərvərlik nəticəsində Xocalı şəhidlərinin də qanı yerdə qalmadı. Azərbaycan Ordusu “dəmir yumruq” əməliyyatı ilə düşmənə layiqli cavab verdi, Xocalı soyqırımını törədənlərin arzuladığı “cəzasızlıq” dövrü bitdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Bununla da Azərbaycan xalqı üçün böyük tarixi ədalət bərpa olundu.

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaldaraq bu müqəddəs torpaqların artıq əbədi olaraq dövlətimizin tərkibində olduğunu dünyaya bəyan etdi.

    Xocalı faciəsi hər il 26 fevralda Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anılır. 1993-cü ildən bəri paytaxt Bakıda “Ana harayı” abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimləri keçirilir. 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ümumxalq yürüşü təşkil olundu. Bu tədbir Xocalı faciəsinin heç vaxt unudulmayacağını və xalqın vahid mövqedə olduğunu bir daha sübut etdi.

      Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Xocalı şəhərinin yenidən qurulması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində genişmiqyaslı bərpa işləri aparılır.

    Dövlət başçımız 2024-cü il fevralın 26-da böyük faciənin yaşandığı bu şəhərdə Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu, Xocalı şəhidlərinin əziz xatirəsinin daim uca tutulacağının göstəricisidir. 

2024-cü il aprelin 1-də Prezidentin Fərmanı ilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlı publik hüquqi şəxs yaradılıb. Bu qurum Xocalı şəhərinin və ətraf ərazilərin yenidən qurulmasına cavabdehdir.

2024-cü il mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış oldular. Həmin gün Xocalı şəhərinə ilk sakinlərin qayıdışı baş tutdu və bu, Böyük Qayıdış proqramının mühüm mərhələlərindən biri oldu.  2024-cü il iyulun 5-də Prezident İlham Əliyev Xocalı Hava Limanını ziyarət etdi və burada həyata keçirilən bərpa və modernizasiya işləri ilə tanış oldu. Xocalı Hava Limanı strateji əhəmiyyət daşıyır və gələcəkdə Qarabağa iqtisadi və nəqliyyat baxımından böyük töhfələr verəcək. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış oldu. Bu yol Qarabağın digər bölgələri ilə Xocalı arasında rahat əlaqə yaradacaq və şəhərin iqtisadi inkişafında böyük rol oynayacaq.

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz bir yara olsa da, bu torpaqların azad edilməsi və bərpası xalqımızın qürur və qətiyyət simvoludur. Müzəffər Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını aldı, onların qanı yerdə qalmadı. Bu gün Xocalı artıq qara xatirələr şəhəri deyil, Azərbaycanın əzəmətinin və yenilməzliyinin rəmzi kimi yenidən qurulur. Xocalıya qayıdış sıradan bir qayıdış deyil, bu, xalqımızın tarixi ədaləti bərpa etməsinin, gücünün və iradəsinin sübutudur. Azərbaycan xalqı və dövləti Xocalını yenidən qurmaqda, orada həyatın bərpa olunmasında və keçmişin acı xatirələrini gələcək nəsillər üçün şanlı qələbəyə çevirməkdə qətiyyətlidir. Xocalıya ədalət bərpa olundu! Xocalını unutmadıq, unutdurmadıq və heç vaxt unutmayacağıq!

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini