1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını törətdiyi gündür.
1992-ci il fevralın 26-da qanunsuz erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girməsi ilə 613 dinc sakin vəhşicəsinə qətil yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli lider Heydər Əliyev verib. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" Qərar qəbul edib. Ümummilli lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı Soyqırımı və Milli Matəm Günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, Qaradağlıda eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bu ilin yanvarında telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirdi. Dövlətimizin başçısı bununla bağlı dedi: “ Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Əminə Ağazadə,
Milli Məclisin deputatı