24 fevral 2025 12:47
82

BSU-da  “İnklüziv təhsil həftəsi”yekunlaşıb -

Fevralın 17-dən 21-dək Bakı Slavyan Universitetində (BSU) inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmənin artırılması məqsədilə “İnklüziv təhsil həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Tədbirlər universitet tələbələri və müəllim heyəti ilə yanaşı, sosial və təhsil sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirərək inklüziv yanaşmaların əhəmiyyətinə diqqət çəkib.  

Tədbirlər çərçivəsində keçirilən əsas fəaliyyətlər:  

1. STEAM İnnovasiya Mərkəzinə ekskursiya 
Fevralın 17-də BSU tələbələri və müəllim heyəti Autizm Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları ilə birlikdə STEAM İnnovasiya Mərkəzinə ekskursiya ediblər. İştirakçılar aviasiya, robot texnologiyaları, 3D hologram və VR zonaları ilə tanış olaraq inklüziv təhsilin innovativ mühitdə tətbiq imkanları barədə məlumatlandırılıblar.  

2. “Uşaqlıq dövrü psixopatologiyaları” mövzusunda seminar 
Həmin gün klinik psixoloq Milana Həsənovanın təqdimatında baş tutan seminar zamanı uşaqlarda rast gəlinən psixopatologiyalar, onların diaqnostikası və müdaxilə üsulları müzakirə olunub. Seminar interaktiv formatda keçirilib, tələbələr qrup işləri vasitəsilə əldə etdikləri bilikləri praktik olaraq tətbiq ediblər.  

3. Autizm Mərkəzinə ekskursiya
Fevralın 18-də təşkil olunan ekskursiya zamanı tələbələr mərkəzin fəaliyyəti, ABA əsaslı fərdi təlim planları və xüsusi təhsil metodları ilə yaxından tanış olublar. Bu tədbir tələbələrə nəzəri biliklərini praktik mühitdə tətbiq etmək imkanı yaradıb.  

4. Brayl əlifbası təlimi və “Be My Eyes” tətbiqinin təqdimatı
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə təşkil olunan tədbirdə iştirakçılar Brayl əlifbasının əsaslarını öyrənib, görmə məhdudiyyətli şəxslərin gündəlik həyatını asanlaşdıran “Be My Eyes” mobil tətbiqinin funksionallığı ilə tanış olublar.  

5. “İnklüziv təhsildə linqvistik fərqlilik” mövzusunda beynəlxalq vebinar
Koszalin Universitetinin professoru Adam Jagiello-Rusilowskinin iştirakı ilə keçirilən onlayn vebinarda müxtəlif linqvistik mühitlərdə inklüziv təhsilin təşkili və çoxdilliliyin təhsilə təsiri müzakirə olunub.  

6. “İnklüziv müəllim: bacarıqlar və ehtiyaclar” mövzusunda müzakirə sessiyası
Fevralın 19-da keçirilən tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynova, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər mütəxəssislər inklüziv təhsilin inkişafı üçün zəruri olan bacarıq və ehtiyaclar barədə müzakirələr aparıblar.  

7. “Beynəlxalq Sosial Ədalət Günü”nə həsr olunmuş dəyirmi masa
Sosial ədalət, müxtəliflik və empatiya mövzusunda keçirilən müzakirələrdə iştirakçılar sosial bərabərlik və insan hüquqları barədə fikir mübadiləsi aparıblar.  Tədbirdə BSU-nun Tələbə qeydiyyatı və sənədləşməsi şöbəsinin mütəxəssisi Kəmalə Babayeva və İctimai Televiziyanın əməkdaşı, jurnalist Orxan Əliyev çıxış ediblər.

8. “İnklüziv təhsildə valideynlərin rolu” müzakirə sessiyası
Valideynlər və mütəxəssislər arasında təşkil olunan görüşdə inklüziv təhsilin inkişafında ailələrin rolu və bu sahədə qarşıya çıxan problemlər müzakirə edilib.  

9. “İnklüziv təhsil nədir?” mövzusunda təlim
Qüsursuz Nitq Psixologiya Mərkəzinin baş mütəxəssisi Humay Nəzərlinin keçirdiyi təlimdə inklüziv təhsilin mahiyyəti, tətbiqi və effektiv tədris metodları barədə ətraflı məlumat verilib.  

10. “İnklüzivlik üçbucağı” forum-teatr tədbiri
Fevralın 21-də tələbələrin iştirakı ilə keçirilən forum-teatr formatında təşkil olunan tamaşa sosial ədalət və bərabər imkanlar məsələlərini gündəmə gətirərək, iştirakçıların inklüziv təhsilə dair düşüncələrini genişləndirib.  

“İnklüziv təhsil həftəsi” çərçivəsində keçirilən tədbirlər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə, onların inklüziv təhsil sahəsində məlumatlılığının artırılmasına və bu sahəyə olan marağının dərinləşməsinə töhfə verib.