“İki sahil” xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub: “Onların məqsədi təkcə Xocalını işğal etmək deyildi, əhalini qırmaq, bütün Azərbaycan xalqının gözünü qorxutmaq idi. Xocalını ayaqyalın tərk etmək istəyən əhalini pusquya salıb qətlə yetirmək, meyitləri təhqir etmək misli görülməmiş cinayətdir. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını qəsdən törətdiklərini etiraf edib. O bildirib ki, Xocalıya qədər azərbaycanlılar ermənilərlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu, əli azərbaycanlıların qanına batan Serj Sərkisyanın etirafıdır. Onun bibaşa iştirakı ilə Xocalıda 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürülüb. Xocalı şəhəri xarabalığa çevrildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli iş nəticəsində ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları faciəni tanıyıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.
Ermənistanın beynəlxalq təşkilatlar, ədalət məhkəməsi tərəfindən cəzalandırılmadığını təəssüflə dilə gətirən M.Vəliyeva bildirdi ki, Azərbaycan dövləti özü cinayətkarı cəzalandırmaq qərarına gəldi və bunu bacardı: “2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Həm onların qisası alındı, Xocalı azad olundu, həm də onlara qarşı cinayət törədən ermənilərin bir qismi Bakıda məhkəmə qarşısında cavab verir. Əminəm ki, Bakı Hərbi Məhkəməsi Qarabağda insanlıq əleyhinə cinayətlər törətmiş erməniəsilli şəxslərin layiqli cəzasını verəcəkdir. Cənab Prezidentin Xocalı soyqırımı ərəfəsində həmin ərazilərə səfəri, xocalılıarla görüşü, bərpa- tikinti işləri ilə tanışlığı haqqın təntənəsi, ədalətin bərpasıdır”.