25 fevral 2025 11:51
98

Təhsil işçilərinin hüquq və maraqlarının müdafiə olunmasında yeni dövr

Həmkarlar İttifaqları Konfederasiyası çoxmilyonlu təşkilat kimi Naxçıvan Muxtar Respublikasının və 27 sahə həmkarlar ittifaqı birliklərini özündə birləşdirir və üzvlərinin  əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edir. Vətəndaşlarımızn konstitusion hüquqlarının qorunmasında Həmkarlar İttifaqları Komitəsinin özünəməxsus  rolu vardır.  Əlbəttə ki, hər sahə üzrə fəaliyyət göstərən HİK-nin həyata keçirdiyi layihələr, onların müasir dövrün çağırışlarına cavab verməsi, işçilərin əmək  və istirahət hüquqlarının qorunması  bütövlükdə,  insanların ailə və iş həyatının  daha yaxşı şərtlərlə  tənzimlənməsinə səbəb olur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında insan kapitalının dövlətimiz üçün ən vacib etalon olduğunu qeyd edir. İnsan kapitalına qoyulan  sərmayə isə cəmiyyətin, dövlətin inkişafına qoyulan sərmayə ilə eynidir.

 Bu baxımdan dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, insan kapitalının inkişafı və müasir innovasiyaların ölkə iqtisadiyyatına tətbiqi Azərbaycan Respublikasının yaxın gələcəkdəki prioritet siyasət istiqamətləri arasında yer alır. Bu çərçivədə, Azərbaycan Həmkarlar İttifaqları Komitəsi (AHİK) müasir rəqəmsal texnologiyaları tətbiq edir, idarəetmə proseslərini modernləşdirir və kadr tərkibini yeniləyir. Bu dəyişikliklər AHİK-in strukturu və fəaliyyətində olduğu kimi, ona daxil olan komitələri də əhatə edir. Bu komitələrdən biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsidir. Komitəyə 2024-cü ilin avqust ayından Araz Paşayev rəhbərlik edir.

 Təxminən 400.000-dən çox təhsil işçisini əhatə edən Komitə, bu sahədə çalışan və təhsil alan ittifaq üzvlərinin iş və təhsil şəraitini yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm addımlar atır. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Bu məsələ digər normativ hüquqi aktlarla da tənzimlənir.  Gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan bu faktor təhsil, işəgötürmə və karyeraya bərabər çıxışın təmin edilməsi üçün vacib amillərdəndir. Təcrübə göstərir ki, yüksək gender bərabərliyi səviyyəsinə malik ölkələr daha dayanıqlı iqtisadi göstəricilərə malikdirlər. Həmkarlar ittifaqları da gender bərabərliyinin təşviqinin fəal iştirakçısıdır.  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı işçilərin hüquqlarının qorunması,  təhsil və məlumatlandırma,  qanunvericilikdə müvafiq dəyişikliklərin təşviqi, həmkarlar ittifaqında qadınların dəstəklənməsi, ailə və iş həyatının balansda saxlanması üçün müxtəlif seminar və treninqlər təşkil edir. Həmçinin, qadınların liderlik bacarıqlarının inkişafı və karyera yüksəlişi üçün xüsusi proqramlar  reallaşdırılır.

ATİAHİ, dövlət təhsil müəssisələri ilə yanaşı, özəl təhsil müəssisələri ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu yanaşma, sosial təşəbbüslərin daha səmərəli həyata keçirilməsini təmin edir. Belə ki, ATİAHİ Respublika Komitəsi ilə Təhsilin İnkişafı Fondu arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Bu memoranduma əsasən, ATİAHİ, tələbələr üçün nəzərdə tutulan TələbəPlus – innovativ kart layihəsinin tərəfdaşlarından biri olmuşdur. Eyni zamanda, ATİAHİ ilə Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB) arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. ATİAHİ-nin son 5 ay ərzindəki fəaliyyətində belə təşəbbüslər və qərarlar əsasında xeyli müsbət nəticələr əldə edilmişdir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilmişdir.  “Adlı təqaüd” tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir. Qeyd etmək yerinə düşər ki, “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır İndiyə qədər 3079 nəfər tələbə bu adlı təqaüdə layiq görülmüşdür.

ATİAHİ-nin fəaliyyətində ən vacib məsələlərdən biri hüquq müdafiəçilik fəaliyyətinin gücləndirilməsidir.  Burada mühüm məsələ Komitənin ittifaq üzvləri üçün daha açıq və əlçatan olmasıdır. 2024-cü ildə Komitəyə ümumilikdə 97.758 müraciət daxil olub ki, bunlardan 28,4%-i əmək hüquqları, 39%-i maliyyə yardımı, 11,3%-i yollayışların verilməsi, 14,6%-i mədəni-kütləvi tədbirlər və 6,7%-i digər məsələlərə aiddir. 2024-cü ilin sentyabr-dekabr ayları ərzində ATİAHİ ittifaq üzvlərinə 1.204.932 manat məbləğində maliyyə yardımı göstərmişdir. Son 5 ayda (sentyabr 2024 - yanvar 2025) ATİAHİ şəhid ailələrindən olan uşaqları mövsümü məktəbli formaları ilə təmin etmişdir. Həmçinin, ilk dəfə olaraq övladı 600 baldan yuxarı nəticə göstərən təhsil işçilərinə maddi yardım verilmişdir.  7-13 noyabr 2024-cü il tarixlərində 105 elmi işçi üçün "Zəfər Düşərgəsi" təşkil olunmuş, 30 dekabr 2024-cü il - 3 yanvar 2025-ci il tarixlərində isə ucqar rayonların təhsil müəssisələrində çalışan təhsil işçiləri, şəhid ailələri və qazilər, eləcə də təhsildə uğurları ilə seçilən 300-ə yaxın ittifaq üzvü üçün "Qış Düşərgəsi" təşkil edilmişdir.

ATİAHİ Respublika Komitəsinin fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir. Belə ki,  A. Paşayevin Təhsil üzrə Avropa Həmkarlar İttifaqının İcraiyyə Komitəsinə üzv seçilməsi, həmçinin onun Türk Dünyasının Təhsil və Sosial Elmlər üzrə V Beynəlxalq Konfransının münsiflər heyətinə üzv seçilməsi Komitəyə beynəlxalq təşkilatlarla əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və qlobal təhsil və işçilərin hüquqlarının qorunması sahəsində beynəlxalq tərkibini öyrənmək və tətbiq etmək üçün yeni imkanlar yaradır.

   ATİAHİ-nin fəaliyyəti yalnız əmək hüquqlarının müdafiəsi ilə məhdudlaşmır. Eyni zamanda, Komitə sanatoriya və istirahət zonalarına yollayışların verilməsində yeni qaydalar tətbiq edir. AHİK-in tərkibində fəaliyyət göstərən “Kurort” Turizm İnformasiya Mərkəzində çağrı mərkəzi yaradılıb və ölkə üzrə ittifaq üzvləri üçün müraciətləri asanlaşdırmaq məqsədilə bir sıra yeniliklər tətbiq edilir. Şəffaflığın və vətəndaşlar üçün rahatlığın təmin edilməsi məqsədilə ödənişlər MilliOn ödəmə terminalları vasitəsilə aparılır. İndi hər bir ittifaq üzvü daha sərfəli şərtlərlə istirahət edə bilər, bu isə üzvlərin sosial müdafiəsinin gücləndirilməsinə və həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər olan dövrdə güzəştli şərtlərlə 719 təhsil işçisi istirahət hüququndan istifadə etmişdir.

Qeyd olunduğu kimi, ATİAHİ-də həyata keçirilən islahatlar yalnız dəyişikliklərdən ibarət deyil. Bu qərarlar təhsil işçilərinin hüquq və maraqlarının müdafiə olunmasında yeni bir dövrün başlanğıcını, əmək qanunvericiliyinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsini, iş və təhsil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor