Prezident İlham Əliyev qeyd edir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Xocalı qatillərindən biri Serjik Sarkisyan deyirdi ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər oxuyanda, bir daha erməninin əsl simasını görmək mümkündür. Əsl terrorçu, vandal, cinayətkar! Onlar heç bir beynəlxalq hüquq və normaya, Konvensiyalara əməl etmirlər. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin qeyd edim ki, sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.
Xocalı soyqırımını törədən erməni cinayətkarlar beynəlxalq hüquqi aktları BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi” ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. Xocalı soyqırımı Holokost, Xatun, Xırosima, Naqasaki, Sonqmi soyqırımlarından daha dəhşətli, insanlığa sığmayan və analoqu olmayan qanlı cinayətdir. XX yüzilliyin sonunda törədilmiş bu faciə erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən dəhşətli səhifəsidir.
Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır. Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada təbliğ olunması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, “Xocalıya ədalət” kampaniyasını 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. Bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bunla bağlı layihələr həyata keçirirlər. Biz bu insanlarla sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri, ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində Beynəlxalq təşkilatlara və dünya ölkələrinə beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirməliyik. Bu, davamlı və ardıcıl şəkildə aparılmalıdır. Nüfuzlu alimlərin, siyasətçilərin, diplomatların iştirakı ilə beynəlxalq konfranslar, forumlar təşkil edilməli, Xocalı soyqırımı eləcə də Ermənistan hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi digər cinayətlər haqqında məqalə və kitablar yazan bir sıra xarici jurnalist və yazıçıları belə layihələrə cəlb etməliyik. Həmin tədbirləri Qarabağda, Şərqi Zəngəzurda keçirməliyik. İştirakçıları tapılmış kütləvi məzarlıqlarla tanış etməliyik.
Artıq torpaqlarımız erməni işğalından azaddır. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb; 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. İndi Xocalı azaddır, Xocalıda həyat canlanır! Ancaq biz heç bir vaxt Xocalı Faciəsini unutmayacayıq! Bir daha biz Xocalı soyqırımı qurbanlarının ailə üzvlərinə və yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm. Bütün Şəhidlərimizə Allah rəhmət eləsin!
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor