Xocalı dünyanın faciəli talelər yaşamış azsaylı şəhərlərindəndir. Bu şəhərin xoşbəxt taleyi idi ki, 4 min il bundan əvvəl formalaşmış qədim bir mədəniyyətin beşiyi olmuşdur. Bu da tarixə “Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti” kimi düşmüşdür.
33 il əvvəl - 1992-ci ilin 26 fevral tarixindən tamamilə fərqli və ürək ağrıdan daha bir tale yazıldı Xocalının alnına: bir gecədə 1275 sakini əsir aparılan, sonunadək təkbaşına döyüşən, 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 sakini ilə birlikdə şəhid olan şəhər.
Xocalı şəhərinin və onun sakinlərinin başına gətirilən bu faciə XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdəndir. Bu vəhşiliyi erməni faşistləri keçmiş Rusiyanın 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə həyata keçirmişlər. Həmin gecə erməni vandalları və onların havadarları köməksiz dinc mülki əhalini, qocaları, qadınları, uşaqları və bələkdəki dilsiz-ağızsız körpələri aman vermədən qətlə yetirmişlər. Həmin vaxt Xocalıdan Ağdama gətirilmiş 181 meyit (130 kişi, 51 qadın, onlardan 13-ü uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilərkən müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür.
Fevralın 25-dən 26-na keçən gecə Xocalının bütün əhalisi qəhrəmanlıq nümunəsi göstərdi. Onların bəzisi düşmənə inadlı müqavimət göstərərək, bəziləri hər cür məşəqqətlərə dözərək sağ qalmaq mücadiləsi edərək, bəziləri isə şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucaldılar. Onları üç qrupda komplektləşdirmək olar: hərbçi qəhrəmanlar, sivil qəhrəmanlar və kiçik yaşlı qəhrəmanlar.
Birinci qrupa Xocalının Milli Qəhrəmanları daxildir: şəhəri son nəfəsinədək qoruyan və şəhid olan qəhrəmanlar. Onların qısa sürən həyat xronikasına nəzər salanda nə qədər bir-birilərinə bənzədiklərinin şahidi oluruq. Sonuna qədər müqavimət göstərmələri, arxalarında yarıımçıq arzular, ağlar körpələr və göz yaşları buraxmaları, nəhayət Xocalı qaziləri kimi əbədiyyətə qovuşmaları.
İkinci qrupa daxil olan sivil qəhrəmanlar da sonunadək mübarizə aparmışlar. Kətik meşəsinə pənah aparan dinc əhali donaraq ölməyi düşmən əlinə keçməkdən üstün tutmuşlar. Onların üzlərindəki iztirabı, təhqir olunmuş meyitlərini ilk dəfə lentə alan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur. O, 1992-ci ildə hönkürərək lentə aldığı Xocalı qurbanlarının donmuş, təhqir olunmuş meyitlərini və erməni terrorizminin əsl simasını dünyaya göstərdi. Beynəlxalq aləm Xocalı qətliamını onun kamerasının gözü ilə gördü.
Üçüncü qrupu bu faciənin kiçik yaşlı qurbanları təşkil edir. Yaşları 1-10 arasında olan bu körpələr xüsusi amansızlıqla qətlə yetirilmişdir Ən dəhşətlisi odur ki, öldürülənlərin içərisində yaşyarımlıq, 2 yaşlı kürpələr də olmuşdur. Statistik məlumatlara görə, girovluqda saxlanılan insanların əksəriyyəti uşaq ikən götürülənlərdir. Onlardan 168 nəfəri 1996-cı ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilsə də, gözləri qarşısında baş verən cinayətlərin təsirindən psixoloji sarsıntı keçirmişlər. Yalnız 2 nəfər dəhşətli faciədən sonra sağ qala bilmişdir. Onlar Xocalının kiçik yaşlı canlı qəhrəmanlarıdır.
Həyata keçirilən qətliam Azərbaycan xalqının mübarizə əzmini qıra bilməmiş, əksinə milli birliyə çağırış olmuşdur. 2 körpəsini Vətənə əmanət edib son gülləsinə qədər döyüşərək şəhid olan Əlif Hacıyev, Aqil Quliyev, Hikmət Nəzərli, Nail Nəsirli kimi igidlərin müqəddəs qanıyla yazılmış qəhrəmanlıq dastanı Vətənimizin müxtəlif bölgələrində öz əks-sədasını tapdı. “Kitabi Dədə Qorqud” dastanından hamımıza məlum olan bir tonqal kimi oğuz igidlərinə Vətənin darda olduğu xəbərini yaydı. Təkcə Vətənimizdən deyil, Vətəndən uzaqda yaşayan soydaşlarımızdan da səs verdilər bu çağırışa. Fərhad Hümbətov, Allahverdi Bağırov, Asif Ağakişiyev Xocalının ayrı-ayrı kəndləri uğrunda döyüşərək şəhid olan qəhrəmanlardandır, hansı ki, müxtəlif bölgələrdən gəlmişdilər Qarabağ döyüşlərinə. Onların sırasına Naxçıvandakı könüllülərdən ibarət 4 taborla birlikdə Qarabağa yola düşən Asəf Quliyev, Hüseyn Heydərov, Elxan Əliyev kimi onlarla qəhrəmanlar da daxil olmuş, bu igidlər son damla qanlarına qədər döyüşərək 90-cı illərin çoxsaylı şəhidləri sırasına qoşulmuşlar. Xocalı soyqırımına hüquqi-siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir.
Bu gün 33 il əvvəl erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş Xocalı tarixinin ən xoşbəxt mərhələsinə qədəm qoyur. Bu, böyük qayıdış və quruculuq mərhələsidir. Yağı düşmən tapdağından azad edildiyi son il yarım ərzində Xocalıda həyata keçirilən nəhəng bərpa-quruculuq işləri onun simasını tamamilə dəyişmişdir. Bundan böyük xoşbəxtlik olarmı?..
Zeynəb Quliyeva,
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı