27 fevral 2025 02:58
77

Ağdam Böyük Qayıdışın astanasında

Bu il ərzində rayonun 3 kəndinə və Ağdam şəhərinə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub

44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və ərazilərimizi boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş ərazisi 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldıldı. Həmin gün Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu və 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Qalib Sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dörd il əvvəl Prezident İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Rayonda, həmçinin mühüm infrastruktur layihələri icra olunur. İnfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Həyata keçirilən infrastruktur layihələri arasında yolların yenidən qurulması xüsusi yer tutur. Ötən dövrdə uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib. Bərdədən Ağdam şəhərinədək 47,1 kilometr uzunluğunda olan dəmir yolu xətti çəkilib. Uzunluğu 64,8 kilometr olan Ağdam-Füzuli avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Hazırda Ağdam‒Hindarx‒Ağcabədi və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yollarının tikintisi davam etdirilir. Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Magistral şəhər yollarının uzunluğu 17,5, ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq. Rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, həmçinin “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Paralel olaraq fiber-optik kabellər çəkilib və bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq.

Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. Prezident İlham Əliyev ötən dörd ildə Ağdama səfərləri zamanı yaşayış məhəllələrinin, sənaye parkının, 1 saylı orta məktəbin, xəstəxananın, şəhər mərkəzi parkının, dəmir yolu və avtovağzal kompleksinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “İmarət” stadionunun, Ağdam Muğam Mərkəzinin, inzibati binanın, “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, Atçılıq Nəsilartırma Mərkəzinin və digər obyektlərin təməlini qoyub. Artıq Ağdamda Konfrans Mərkəzinin, “Aghdam City Hotel”in tikintisi, Cümə məscidinin, İmarət Kompleksinin bərpası başa çatdırılaraq istifadəyə verilib. Ağdam şəhərində yaşayış məhəllələrinin, həmçinin Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində tikinti işləri davam etdirilir. Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 ev inşa olunur. Hər 3 kənddə evlərlə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, inzibati binalar və digər obyektlərin də tikintisi aparılır. Kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq, mərkəzi kommunikasiya sistemi qurulacaq. Bu gün Ağdama gələnlər genişmiqyaslı tikinti-quruculuq işlərinin şahidi olurlar.

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında məlumat verib. Qeyd edib ki, ümumilikdə biz gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq. "Biz belə planlaşdırırıq ki, gələn ilin, yəni 2026-cı ilin sonuna qədər Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunacaqdır. Bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın şəhərin ətrafında olan üç kənd və Ağdam şəhərininin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə biz gələn il nəzərdə tutulan beş məhəllədən dördünə köçə start verməklə, bu işi yekunlaşdırmaqla Ağdam şəhərində 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq", - o, əlavə edib.

Sevinc Azadi, “İki sahil”