27 fevral 2025 01:26
87

Daha bir sirli ada - FOTOLAR

Bermud üçbucağından başqa, internet istifadəçilərini maraqlandıran daha bir sirli ərazi var: peyk şəkilləri sayəsində Sakit Okeanda qara üçbucaq formalı ləkə aşkar edilib və bu, internet istifadəçilərinin əsl marağına səbəb olub. Bunun nə olması- dərin bir çuxur və ya gizli hərbi baza olması mübahisələr doğursa da, yaşayış olmayan bir ada olduğu ortaya çıxıb.

Qara rəngi isə ona ağacların bir-birinə çox yaxın yerləşdiyi sıx meşə verir ki, günəş işığı budaqların arasından belə keçmir.

Bəzi istifadəçilərin hərbi baza hesab etdiyi Vostok adası hələ 1820-ci ildə rus tədqiqatçıları tərəfindən kəşf edilib. Avstraliyadan təxminən 6000 km şərqdə yerləşir, cəmi 0,25 kvadratkilometr ərazini əhatə edir və mərcan atoludur.

Ada demək olar ki, tamamilə tropik tünd yaşıl ağaclarla - pisoniya ilə doludur. Orada başqa bitki növlərinə yer yoxdur, çünki bu ağaclar bir-birinə o qədər yaxındır ki, başqa heç nəyə böyümək şansı vermirlər.

Həmçinin orada vaxtilə insanların yaşadığına dair heç bir iz tapmaq mümkün olmayıb. Etibarlı şirin su mənbəyinin olmamasının “günahkar” olduğuna inanılır.

Quşları öldürən ağac

Adada insanlar yoxdur, amma qorxulu bir triller üçün süjet var. Belə ki, ağacların altında sümük yığınlarına rast gəlmək olur. Bunlar pisoniyanın yapışqan meyvələrindən xilas ola bilməyən quşların skeletləridir. Bu ağac quşların sayəsində çoxalır: toxumlar tüklərinə yapışır və minlərlə kilometrə daşınır.

Ancaq bir şey var: quşlar tez-tez bu ağacın girovu olurlar. Toxumlar ifraz olunan bol selik və onların üzərində yerləşən kiçik qarmaqlar sayəsində quşların tüklərini sıx şəkildə örtür, buna görə də bəzən onlar daha uça bilmirlər. Nəticədə quşlar ya yıxılaraq yırtıcıların ovuna çevrilirlər, ya da budaqda qalıb aclıqdan və susuzluqdan ölürlər.

Bu, dəniz quşlarının populyasiyasına əhəmiyyətli ziyan vurur və gənc cücələrin oradan qaçmaq şansı demək olar ki, yoxdur.

Pisoniya adada çox geniş yayılmışdır və yeni əraziləri fəth edir. Quşların ölümü ilə bağlı vəziyyəti düzəltmək üçün isə ekoloqlar onları diqqətlə tələlərdən azad etməyə və başqa ağaclara köçürməyə çalışırlar.

Nubar Süleymanova, “İki sahil”