27 fevral 2025 01:59
87

Türk dünyası böyük bir ailədir

Hazırda Türk Dövlətləri Təşkilatı ölkələrinin ÜDM-i 2 trilyon ABŞ dollarına yüksəlib

Türk Dövlətləri Təşkilatının (TDT) qarşısındakı hədəf  yalnız siyasi-mənəvi  birlik deyil, həm də səmərəli iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Məhz bu mənada 2024-cü il noyabrın 6-da  Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə türk dünyasının gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə olunub. Sammitdə Türk Dünyası Xartiyası qəbul edilib və yeddi mühüm sənəd imzalanıb. Həmin sənədlərdə ortaq iqtisadi məsələlər öz əksini tapıb.

Hazırda təşkilatın tərkibində  5 əsasölkə  - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi statusuna malik Macarıstan və Türkmənistan  kimi ölkələr də var. Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.» Prezidentin söylədiyi fikirlər bu gün TDT-yə üzv ölkələrin iqtisadi münasibətlərində öz əksini tapır.

TDT nəinki böyük coğrafiyaya, həm də böyük iqtisadi gücə malikdir

Türk dövlətləri birlikdə 4.7 milyon kv. km ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kv. km-dır. Həmçinin, müstəqil türk dövlətləri birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Xüsusilə hazırda TDT üzv ölkələrinin yüksək iqtisadi göstəriciləri bu təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyətindən  xəbər verir. Belə ki, 2023-cü ildə təşkilat ölkələrinin  ÜDM-i 2 trilyon ABŞ dollarına yüksəlib ki, bu da əvvəlki ilə nisbətən 18 faiz artım deməkdir.

Ümumiyyətlə, hazırda təşkilata üzv dövlətlərin iqtisadiyyatı  dünya ÜDM-nin təxminən 3 faizini təşkil edir. Həmçinin türk dünyasında qeydə alınan iqtisadi artım xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. 2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 faizlik artımla 1,48 trilyon ABŞ dollarına yüksəlib. Bu artım TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsinin və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılmasının bariz göstəricisidir. TDT ölkələri arasında ticarətin həcmi  2022-ci ildə 30,9 milyard dollardan 2023-cü ildə 38,3 milyard dollara yüksəlib ki, bu da 24 faizlik bir artımı ifadə edir. 2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcmi 45 milyard ABŞ dollarını keçib ki, bu müsbət tendensiya təşkilat ölkələri arasındakı ticarət dövriyyəsinin gücləndiyini göstərir. Bundan başqa, xarici ticarətdəki artım sürəti dinamikası türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğundan və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağından xəbər verir. TDT ölkələrinin iqtisadi inkişafı imkan verir ki, həmin ölkələrə investisiya yatırımının həcmi də genişlənsin. 2023-cü ildə bu ölkələrə  yönələn xarici birbaşa investisiya  24 milyard dollardan çox olub.

Xatırladaq ki, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqın­da» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlu­matların elektron şəkildə mübadiləsi ger­çəkləşib. Nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olunub. 

Azərbaycan TDT-nin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir

Ölkəmiz TDT-nin  iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Həm Şərq- Qərb nəqliyyat dəhlizindəki aparıcı rolumuz, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki səmərəli təşəbbüslərimiz ölkəmizin təşkilatda xüsusi yer tutduğunu göstərir. Azərbaycanın müvafiq sərmayələri Mərkəzi Asiya və Türkiyə arasında tranzit daşımaların sürətini artırmağa yönəldilib. 2023-cü illə müqayisədə 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycan ərazisindən keçən üzv və müşahidəçi dövlətlərlə tranzit daşımaların həcmi 15 faiz artıb. Bu da həmin regionlarda ticarət imkanlarının inkişafına dair böyük bir potensialın olduğunu ortaya qoyub.

Artıq son bir neçə ildə TDT dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. Təşkilata üzv dövlətlərin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə təşkilata üzv ölkələrdəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18,6 trilyon kubmetr, neft ehtiyatları isə 5,3 milyard ton səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı regional münaqişələr və böyük güclər arasında şiddətlənən qlobal hibrid müharibələrə baxmayaraq, özünün portfelini genişləndirir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin hərbi toqquşmalarının səhnəyə çıxması TDT-nin tempini qorumaq üçün çağırışlardır. İndi TDT-nin hədəfi  odur ki, əvvəlki illərdə olduğu kimi, mövcud münaqişələr və onun doğuracağı perspektiv müharibələr təşkilatın böyümək imkanlarını məhdudlaşdırmasın.

Elçin Zaman, «İki sahil»