26 fevral 2025 21:06
101

Nyu-Yorkda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib

ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Üzərində Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, “Xocalıya ədalət!” şüarı və matəm rəmzi olan qərənfillərin əks olunduğu LED ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

Avtomobil BMT-nin Nyu-Yorkdakı qərargah binasının önündə dayanıb və aksiya yerli ictimaiyyətin marağına səbəb olub. Məlumatlandırma tədbiri gün ərzində davam edəcək.

Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan bu aksiyanın məqsədi yerli sakinləri Xocalı həqiqətləri barədə məlumatlandırmaqdır.