“...biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü zamanı deyib.
Bu görüş iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafına ciddi təkan verir. İmzalanan sənədlər, Azərbaycan-Pakistan arasında müdafiə və digər sahələr əməkdaşlığın dərinləşdiyini deməyə əsas verir.
Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Qardaş ölkənin baş nazirinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.
Ümumilkdə bu səfər çərçivəsində Zəfər Parkının ziyarət olunması, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Şuşaya səfər etmək niyyətində olduğunu bəyan etməsi Pakistanın Azərbaycana sevgisinin müqəddəslik çalarlarından biridir...
Səfər çərçivəsində əldə olunan razılaşmalar gələcəkdə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı