Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri vacib məqamlarla yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verildi. Bakıda imzalanan yeni sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək. Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur.
Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Azərbaycan eyni zamanda ötən ilin sonunda Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-in üzvüdür.
Səfər çərçivəsində iki ölkə arasında imzalanan sənədlər gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Hökumətlərarası komissiyalarda və biznes-forumlarda qarşılıqlı investisiya imkanlarının müzakirə olunması ticari-iqtisadi münasibətlərin gücləndirilməsi baxımından gərəkli addımı ifadə edir. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcək. Bununla da, Azərbaycan-Pakistan münasibətləri ən yeni mərhələyə qədəm qoyacaq. Beləliklə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya dövlət səfəri onu deməyə əsas verir ki, tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Anar Məmmədov,
Milli Məclisin deputatı