Amma etiraz etməyə qüdrəti çatmadı
“Örkən nə qədər uzun olsa da axırda doğanaqdan keçir.” Bizim bu atalar sözümüzün sətiraltı mənası dərindir. Bu misalı Fransa Prezidenti Emmanuel Makrona aid etsək səhv etmərik. Eqoist və yekəxana Makron başqalarına üstdən aşağı çox baxaraq həqarət etmiş, özünü hegemon aparmışdı. İndi vəziyyət elə gətirib ki, onun özünü həmin yerə qoyublar. Məlumdur ki, ABŞ Prezidenti Donald Trampın Avropa ilə bağlı kəskin fikirlərindən sonra başqaları kimi, Fransa Prezidenti də şokdan ayıla bilmir. Belə sarsıntı içərisində okeanın o tayına səfər edən Makron orada Ağ Ev sahibi tərəfindən daha iki ağır zərbə alıb. Belə ki, orada hətta onu qarşılayan belə olmayıb. İçəridə isə Makronu dərsini bilməyən tərbiyəsiz şagird yerinə qoyublar.
Əslində Makron ABŞ Prezidentinin görüşünə getməklə başqalarından irəli düşüb, özünü Avropanın lideri kimi tanıtmağa can atırdı. Ancaq unutdu ki, Amerika Cənubi Afrika deyil. Ona görə də hər şey tərsinə oldu, imici qara ləkələrlə çirkləndi, şəxsiyyəti bir daha alçaldıldı.
Bu barədə dünyada tanınan “Deyli Meyl” nəşri məlumat yayıb.
Bildirilib ki, birinci aşağılanma, artıq deyildiyi kimi, Emmanuel Makron 24 fevralda Ağ Evə görüş üçün gələrkən onun kimsə tərəfindən qarşılanmamasıdır. Ancaq hər şey bununla qurtarmayıb. Donald Trampın ədəbaz Makronu ikinci aşağılaması isə onu saraydakı Oval kabinetdə qəbul masasının küncündə əyləşdirməsidir. Dövlət başçıları bu cür qəbulu özlərinə olan hörmətsizlik və şəxsiyyətlərinin alçaldılması kimi qiymətləndirirlər. Əlbəttə, illərdir ki, başqalarının şəxsiyyətini alçaldana belə münasibətin göstərilməsi tamamilə haqlıdır. Nəhayət, ona da öz yerini göstərən və əyilməyə məcbur edən tapıldı. Yəqin iddiası boyundan böyük olan qudurğan Makron başa düşəcək ki, xoruzlanananları bir gün belə aqibət gözləyir. Onu da vurğulamalıyıq ki, Makron özünü Avropanın lideri kimi aparır, ABŞ-a öz şərtlərini qəbul etdirəcəyini düşünürdü. Lakin gözləmədiyi halda “saqqızı suya düşdü”, onu adi bir məmur kimi qarşılayıb yola saldılar. Həmin qəbuldan çəkilən fraqmentlər dünya ictimaiyyəti tərəfindən heyrətlə izləndi. Fransa Prezidentinin salındığı aşağılayıcı vəziyyət bir çoxlarının ürəyindən tikan çıxardı.
Görüntülərdə Fransa Prezidentinin Ağ Evin protokol rəhbəri Monika Krouli tərəfindən qarşılanmasından sonra Oval kabinetin masasının ən küncündə qırışıb oturduğu əks olunub. Təbii ki, özündənrazı Emmanuel Makronun ağlına gətirə bilmədiyi biabırçılıq onun öz başına gətirilib.
Siyasi şərhçilər və politoloqlar ABŞ Prezidentinin iki qəbulu arasında paralellik aparıblar. Onlar xatırladıblar ki, Donald Tramp bundan öncə Ağ Evə səfərə gələn İsrailin baş nazirini nəinki böyük hörmətlə qarşılamış, hətta onunla birgə maşınının yanına qədər addımlamış, kabinetində isə əyləşmək üçün Netanyahunun stulunu şəxsən özü çəkərək yer göstərmişdi.
Okeanın o tayında baş verən bu iki olay tiranlıq edənlərə dərs olmalıdır. Bu iki qarşılanma açıq göstərir ki, haqq-ədalət nazilsə də üzülmür. Yəni, sonda “qoyunu qoyun ayağından, keçini keçi ayağından asırlar.” ABŞ-da Makronu keçi ayağından asdılar…
Vəli İlyasov, “İki sahil”