Milli Məclisin deputatı: Rəsmi Parisin neokolonializm siyasətini sivilizasiya missiyası kimi təqdim etməsi absurddur
Bu gün dünyada ən aktual məsələlərdən biri neokolonializmə qarşı mübarizədir. Qəribədir ki, hazırda müstəmləkəçilik siyasətini bu və ya digər üsullarla davam etdirənlər məhz insan hüquq və azadlıqlarından dəm vuran dövlətlərdir. Bunların önündə gedən ölkə isə son illər öz mənfur siyasəti ilə ad çıxarmış Fransadır.
Azərbaycan 2 il öncə yaradılmış və bir sıra uğurlara imza atmış Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın bu iyrənc siyasətinə qarşı mübarizə aparan bir ölkə kimi tanınır. Hətta Prezident İlham Əliyev bir neçə dəfə Fransanın insanlığa qarşı yönəlmiş bu addımlarını konkret faktlarla ifşa edib. Odur ki, həmin ölkələr Azərbaycana bu məsələdə ümid yeri kimi baxırlar. BTQ-nin təşkilatçılığı ilə Fransa müstəmləkələrini təmsil edən bir qrup media nümayəndəsinin növbəti dəfə paytaxtımızda keçirilən bütün görüşlərində bir daha bundan söz açılıb. Məsələn, Qvadelupadakı “Nouvelles-Etincelles” qəzetinin redaktoru Quelleri-Selbonne Paul bildirib ki, ölkəsində yaşananları beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir: “Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə görə minnətdarlığımızı bildiririk. Bu qurum müstəmləkəçilikdən azad olmaq istəyən ölkələrə dəstək verir. Siz bizim çətinliklərimizi dünya miqyasında işıqlandırmağa kömək edirsiniz… Qvadelupa 100 ildən çox Fransanın müstəmləkəsi olub və ümid edirəm ki, bir gün biz də müstəqil olacağıq”.
Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü, millət vəkili Tural Gəncəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Fransanın müstəmləkəçilik siyasətindən zülm çəkən xalqların nümayəndələri zaman-zaman Azərbaycana səfərlər edirlər və ölkəmizin onlara dəstəyinin şahidi olurlar: “Fransa bu gün də müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiqini və siyasi təsirini gücləndirməkdədir. Özü də utanıb-qızarmadan bunu sivilizasiya missiyası kimi təqdim edir. Halbuki, həmin torpaqlarda yaşayan xalqlar artıq sivil vətəndaşlardır və onlara xarici müdaxilə lazım deyil. Bu mənada Fransanın o ərazilərdə hansısa sivilizasiya fəaliyyəti apardığını iddia etməsi olduqca absurddur. Bir fakta müraciət edək. 2024-cü ildə bütün dünya Fransa hakimiyyətinin kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdığının şahidi oldu. Hətta bu qəddar basqılar ən azı 14 nəfər insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması ilə nəticələndi. Budurmu, sivilizasiya missiyası? Bu vəhşiliklərlə əlaqədar BTQ beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanladı, bununla da Fransanın iç üzünü bir daha açmağa nail oldu”.
Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, lakin Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı mübarizəni həzm edə bilmir: “Elə bu kimi səbəblərdən ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edir. Hətta iddia edir ki, guya rəsmi Bakı Fransanın daxili işlərinə qarışır. Halbuki, Azərbaycan indiyədək heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə neokolonializmdən əziyyət çəkən bütün xalqları beynəlxalq hüquq normaları çərçivəsində dəstəkləməklə onlara mənəvi dəstək göstərir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan Fransaya qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır. Çünki Fransanın bu kimi siyasəti bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir. Fransa anlamalıdır ki, müstəmləkəçiliyə məruz qalan ölkələr haqqında danışmaq, onların hüquqlarını müdafiə etmək dünyəvi bir məsələdir”.
Hələ də Qərbi azərbaycanlıların Fransa kimi ölkələrin ucbatından öz yurd-yuvalarına qayıda bilməməsini vurğulayan müsahibimiz, eyni zamanda, rəsmi Parisə mesaj da ünvanladı. Bildirdi ki, Fransa unutmasın ki, bu gün insan hüquqları ilə bağlı daha çox danışmağa haqqı olan məhz Azərbaycandır: “Əsarət altında saxladığı ölkələrin təbii sərvətlərini talan edən, yerli xalqların hüquqlarını pozan, onların mədəni irsini yer üzündən silməyə çalışan, ermənipərəst mövqeyi ilə seçilən Fransa həmişə regional məsələlərə qarışır. Fransanın ölkəmizin Cənubi Qafqazda sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı mübarizəni alət kimi istifadəyə etdiyi vassalı Ermənistanın revanşist qüvvələrinə həm maddi-mənəvi, həm siyasi, həm də hərbi dəstək göstərməklə pozmağa çalışması bunun bariz nümunəsidir. Şübhəsiz, bütün bunlar sözügedən dövlətin müstəmləkə əsarətində saxladığı ölkələrdəki qeyri-insani davranışlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən xalqların yanındadır. Hətta ölkəmiz bunu özünün mənəvi borcu hesab edir. Çünki Azərbaycan yaxşı bilir ki, müstəqillik müstəmləkələrin qanuni haqqıdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”