28 fevral 2025 15:28
120

İşğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin inkişafı həmin regionlarda iqtisadi fəallığın artmasına müsbət təsir edəcək

“Bu gün müzakirəyə çıxarılan qanun layihəsi – “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif edilən dəyişikliklər – ölkəmizin təhsil siyasətində mühüm bir mərhələni təmsil edir. Bu dəyişikliklər ilk növbədə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın təhsil hüquqlarının tam təmin olunmasına, onların daha keyfiyyətli və əlçatan təhsil imkanlarına malik olmasına xidmət edir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə müasir şəhərlər və kəndlər salınır, sosial infrastruktur yenidən qurulur, insanların təhlükəsiz və rahat yaşayışı üçün bütün lazımi şərait yaradılır. Lakin biz unutmamalıyıq ki, fiziki infrastrukturun bərpası ilə yanaşı, insan kapitalının inkişafı da bu prosesin ən mühüm tərkib hissəsidir. 

Millət vəkilinin sözlərinə görə, təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil. İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımızın bilik və bacarıqlara yiyələnməsi, əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi yetişməsi həm fərdi rifahın yüksəldilməsinə, həm də ümumilikdə regionların sosial-iqtisadi inkişafına töhfə verəcək. “Təklif olunan dəyişikliklərə əsasən, 2025/2026-cı tədris ilindən etibarən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşlarımız dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində ödənişsiz təhsil almaq hüququ qazanacaqlar. Bu, aşağıdakı mühüm hədəflərə xidmət edir: Birincisi, sosial bərabərliyin təmin olunması – İşğaldan əziyyət çəkmiş vətəndaşlarımızın təhsil sahəsində əlavə güzəştlərlə təmin edilməsi onların yeni həyat qurmaq prosesinə dəstək olacaq. İkincisi, insan kapitalının inkişafı – Peşə təhsili alan gənclərimiz və böyüklərimiz müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnərək ölkənin iqtisadiyyatına töhfə verəcəklər. Üçüncüsü, məskunlaşmanın təşviqi – Ödənişsiz təhsil imkanı bu ərazilərə qayıdışı stimullaşdıracaq və regionun davamlı inkişafına töhfə verəcək. Dördüncüsü, tarixi ədalətin bərpası – İşğal dövründə təhsil almaq imkanından məhrum olmuş insanlar üçün yeni imkanların yaradılması tarixi ədalətin bərpası baxımından da mühüm əhəmiyyət kəsb edir”,-deyə deputat vurğulayıb.

Sevinc Fətəliyeva qeyd edib ki, bu qanun layihəsi dövlətimizin sosial ədalət prinsipinə sadiqliyini bir daha təsdiq edir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının rifahını, onların təhsil hüquqlarının qorunmasını prioritet hesab edib. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan insanlarımız üçün yaradılan bu imtiyazlar onların təhsil almaq imkanlarını genişləndirəcək və peşəkar kadr kimi yetişmələrinə xidmət edəcək. Bundan əlavə, deputatın fikrincə, peşə təhsili sahəsində aparılan bu islahatlar Azərbaycanın ümumi təhsil strategiyasına da uyğundur. Məlumdur ki, müasir dövrdə iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı peşəkar kadrlara böyük ehtiyac var. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin inkişafı həmin regionlarda iqtisadi fəallığın artmasına da müsbət təsir edəcək.

“Sonda bir daha vurğulamaq istəyirəm ki, bu qanun layihəsi yalnız sosial dəstək tədbiri deyil, həm də strateji əhəmiyyətli bir addımdır. Bu dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasına, vətəndaşlarımızın rifahının yüksəldilməsinə və bütövlükdə Azərbaycanın dayanıqlı inkişafına xidmət edir. İnanıram ki, hər biriniz bu qanun layihəsini dəstəkləyəcək və onun qəbul edilməsi ilə Azərbaycan təhsilində daha bir mühüm mərhələnin əsasını qoyacağıq”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.