UNESCO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Afrika Dünya İrs Fondu və Cənubi Afrikanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Afrikada dünya irsinin dəstəklənməsi” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Afrikada Dünya İrs Konvensiyasına dəstəyin artırılması yolları müzakirə edilib. Afrikanın zəngin mədəni və təbii irsinin qorunması, eləcə də onun UNESCO-nun Dünya İrsi Siyahısında layiqli təmsil olunması üçün beynəlxalq əməkdaşlığın və maliyyə resurslarının artırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, baş direktorun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Firmin Matoko, eləcə də Afrika Dünya İrs Fondunun idarə heyətinin üzvü, Namibiyanın UNESCO yanında daimi nümayəndəsi Albertus Oşamub çıxış edib.
Daimi nümayəndə E.Abdullayev bildirib ki, genişliyinə və rəngarəngliyinə rəğmən Afrikanın mədəni irsi Dünya İrs Siyahısında qeyri-proporsional şəkildə təmsil olunur. Bu siyahıya daxil olan mədəni mülkiyyətin cəmi 12,2 faiz Afrikanın payına düşür. Üstəlik, UNESCO-nun təhlükə altında olan abidələr siyahısına daxil olan abidələrin 32 faizi məhz Afrikada yerləşir. Bu statistik göstəricilər Afrika irsinin qorunması və daha geniş təmsil olunması üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu xüsusda Afrikada fəaliyyət göstərən tərəfdaşlara maliyyə və texniki dəstəyin artırılmasının önəmini qeyd edən səfir E.Abdullayev, daha öncə Azərbaycan-UNESCO Etimad Fondundan Afrika Dünya İrs Fonduna müvafiq dəstəyin göstərildiyini, 2025-ci ildə sözügedən Fonda növbəti dəfə maliyyə dəstəyinin ayrıldığını vurğulayıb. O, həmçinin dünya miqyasında mədəni irsin qorunmasına davamlı dəstəyinə görə Dünya İrs Mərkəzinə təşəkkürünü bildirib.
Tədbir Dünya İrs Mərkəzinin nümayəndəsi və Afrika Dünya İrs Fondunun rəhbəri tərəfindən təqdimat-prezentasiya ilə davam edib.
Afrika Dünya İrs Fondu icraçı direktoru Albino Jopelanın moderatorluğu ilə “Afrikada Dünya İrs Konvensiyasının tətbiqinin dəstəklənməsi” adlı dəyirmi masası təşkil olunub. Dəyirmi masada Ruanda, Norveç, BƏƏ, Cənubi Afrika, Uqanda, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Keniyanın UNESCO yanında daimi nümayəndələri çıxış ediblər.
Tədbir Cənubi Afrika nümayəndəsinin çıxışı ilə yekunlaşıb.
Qeyd edək ki, mənzil-qərargahı Cənubi Afrika Respublikasında yerləşən Afrika Dünya İrs Fondu UNESCO-nun dəstəyi ilə 2006-cı ildə Afrika İttifaqı tərəfindən yaradılıb. Təşkilat Afrikada Dünya İrs Konvensiyasının həyata keçirilməsi, o cümlədən mədəni və təbii irsin effektiv şəkildə qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində Afrika ölkələrinə dəstək göstərir.