28 fevral 2025 21:58
97

Haylar hələ də olmayan təhlükədən danışırlar

Politoloq: Bununla da ölkəmizin imicinə zərbə vurmağa çalışırlar

44 günlük Vətən müharibəsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaratmaqda davam edir. Digər tərəfdən, təcavüzkar ölkə öz havadarları ilə əlbir olaraq sürətlə silahlanır, Avropa İttifaqının “mülki missiya”sı adı altında şərti sərhəddə təxribatlarla məşğul olur.  Həm də özünü “sülh göyərçini” kimi təqdim edən Hayastan beynəlxalq tribunalardan Azərbaycana qarşı açıq-aşkar yalan və təxribat xarakterli iddialar səsləndirir.

Hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında utanıb-qızarmadan “Azərbaycanın Ermənistana qarşı ərazi iddialarıından əl çəkmədiyini” bildirib. Yeri gəlmişkən, Mirzoyanın bu şəkildə açıqlaması ilk dəfə deyil. Belə ki, o, son vaxtlar iştirak etdiyi bütün tədbirlərdə demək olar ki, beləcə sayıqlayır. Əvvəla qeyd edək ki, Azərbaycanın heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində gözü yoxdur. Amma Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilən ərazi iddiası var. Burada açıq şəkildə Qarabağa iddialar təsbit olunub.

İkincisi, əgər Mirzoyan Qərbi azərbaycanlıların qayıdışını nəzərdə tutursa, bu məsələdə də heç bir ərazi iddasından söhbət gedə bilməz. Çünki bu qayıdış təcavüzkar niyyətə söykənmir. Məqsəd Qərbi azərbaycanlıların 1980-ci illərin sonlarında zorla qovulduqları ərazilərə dinc yolla qayıtmasını təmin etməkdir. Bu da beynəlxalq hüququn bütün parametrlərinə tam uyğundur. Yəni, burada heç bir ərazi iddiasından söhbət getmir. Amma Mirzoyan dezinformasiyası ilə yüz minlərlə azərbaycanlını qanuni hüquqlarından məhrum etməyə çalışır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, artıq iki ildən çoxdur Ermənistan rəhbərliyi dırnaqarası bu təhlükə haqqında danışır: “Şübhəsiz, bu kimi addımlar təcavüzkar ölkənin ABŞ və Avropadan hərbi, həm də maliyyə dəstəyi almasına hesablanıb. Bir məsələni də vurğulayaq ki, bir ildən çoxdur şərti sərhəddə sakitlikdir. Ermənistan ordusunun Baş Qərargah rəisi bildirir ki, Azərbaycan Ordusunun hansısa fəallığı müşahidə olunmur. Bu günlərdə Ermənistanın kəşfiyyat orqanlarının hesabatı dərc olunmuşdu. Hesabatda bildirilirdi ki, hazırda silahlı münaqişənin mümkünlüyü çox aşağı səviyyədədir. Amma bütün bunlara baxmayaraq haylar beynəlxalq tribunalardan “təhlükə” haqqında danışırlar. Bununla da ölkəmizin imicinə ideoloji zərbələr vurmağa çalışırlar. Həm də özlərinə dəstək məqsədilə belə gedişlər edirlər. Bütün bunlar bir daha göstərir ki, Hayastan hələ də Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Amma bütün bunlara baxmayaraq, rəsmi Bakı bu istiqamətdə fəaliyyətini davam etdirir. Çünki Azərbaycan Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasında israrlıdır”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov isə bildirdi ki, Ermənistan rəsmiləri həmişə Azərbaycana qarşı məkrli addımlar atıblar: “Onları saymaqla qurtaran deyil. Amma Ermənistan rəsmiləri həmişə cılız iddialarla, rəsmi şəxslərə yaraşmayan yalanlarla ölkəmizi ittiham etməyə çalışırlar. Ona görə də Ararat Mirzoyanın belə sərsəmləməsi təəccüb doğurmamalıdır. Bu mənada demək olar ki, Ermənistan rəsmiləri bu gün də tutulduqları xəstəlikdən xilas ola bilməyiblər. Şübhəsiz, bu da onların erməni xislətindən irəli gəlir. Yeri gəlmişkən, Ermənistan rəsmilərinin sülhlə bağlı səsləndirdikləri fikirlər də manipulyasiyadan başqa bir şey deyil. Elə təcavüzkar ölkənin öldürücü hərbi sursatlarla silahlanması, “müliki missiya”dan casusluq kimi istifadə etməsi, Minsk qrupundan hələ də əl çəkməməsi, Konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmaması, doğma yurd-yuvalarından zorla çıxarılmış  soydaşlarımızın qayıtmaq istəyini  ərazi iddiası kimi beynəlxalq aləmə sırımaq istəməsi bunu bir daha sübut edir. Bütün bunlar isə Ermənistana yaxşı bir şey vəd etmir. Amma öz ərazilərini erməni daşnaklarından tamamilə təmizləyən Azərbaycanın bir gün Qərbi azərbaycanlıların da qayıdışına nail olacağı şəksizdir. Bununla da haqq-ədalət bərpa olunacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”