Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi xeyli artıb. Azərbaycanın dahi oğlu, Ümummilli Lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi.
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. İndi Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev daim qadınlara diqqət və qayğı ilə yanaşıb, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı tədbirlər həyata keçirmişdir.
Dövlətimizin başcısı İlham Əliyev öz çıxışlarında daim bu məqamı xüsusi qeyd edilir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci Vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir.
Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri qchrəman övladları 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı. Son 5 ildir ki, analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır. Bayramınız mübarək, əziz qadınlar!
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri