Martın 3-də Yeni Azərbaycan Partıyası Masallı rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər” mövzusunda Şəhid analarının, Vətən müharibəsi iştirakçılarının ailə üzvlərininin iştirakı ilə tədbir keçirib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Böyük mədəni irsə malik olan Azərbaycan qadını da çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına– anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Seyfəddin Əliyev qeyd etmişdir ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O bildirib ki, Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb: “Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib”.
S.Əliyev deyib ki, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirib: “Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Şəhid anası Mehriban Sultanova çıxışında bildirdi ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək qeyd etdi ki, bu gün dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Cənab Prezident İlham Əliyev təşəbbüsü ilə ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Göyçək Ələsgərova, Nigar Kərimova və başqalarının çıxışlarında Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf yolundan danışılmış, ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyi, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyi diqqətə çatdırılmışdır.