04 mart 2025 01:56
94

Xarici turistlər üçün cazibədar məkan

Dünyanın səyahət və turizm sahəsində ixtisaslaşmış nüfuzlu və məşhur “Wanderlust Magazine” beynəlxalq jurnalının açıqladığı 2025-ci ildə səyahət üçün tövsiyə edilən ən yaxşı istiqamətlərin siyahısında Azərbaycan ilk üçlükdədir

Son illər dünya təsərrüfat fəaliyyətinin bir sahəsi kimi böyük əhəmiyyət kəsb edən turizm insanların, bütövlükdə, cəmiyyətin maraqlarına xidmət edir və həm mikro, həm də makroiqtisadi səviyyədə əsas gəlir mənbəyinə çevrilib. Bu sektor hər bir dövlətin xəzinəsinə böyük gəlir gətirən mühüm mənbələrdən biridir. Bir çox dövlətlərdə ümumi daxili məhsulun beşdə birindən yarısına qədəri turizmin payına düşür. İndi turizm təkcə qabaqcıl dünya ölkələrində deyil, eyni zamanda, Azərbaycanda da əlavə iş yerləri yaradan əsas amillərdən biridir. Turizm yol və mehmanxana infrastrukturlarının inkişafını sürətləndirir, regionlarda və kəndlərdə xalq sənətinin və milli mədəniyyətlərin qorunmasına güclü təsir göstərir. Bu gün fəxrlə deyə bilərik ki, turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Respublikamıza gələn xarici qonaqlarla bağlı statistik göstəricilərin təhlili göstərir ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayında kifayət qədər artım müşahidə edilir. Belə ki, 2024-cü ildə Azərbaycana 2 milyon 626 min 838 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Turizm Agentliyinin hesabatında bildirilir ki, bu, 2023-cü illə müqayisədə 26 faiz çoxdur. Təkcə ötən ilin ancaq dekabr ayında isə ölkəyə 214 678 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 11 faiz çoxdur. Hesabat dövründə Azərbaycana ən çox turist 731 009 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (426 241 nəfər), 3-cü yerdə isə Hindistan (243 589 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 210,1 min, Gürcüstandan 111,2 min, Səudiyyə Ərəbistandan 98,1 min, Qazaxıstandan 86,3 min, Pakistandan 80,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 46,7 min, Özbəkistandan 46,3 min, Çindən 44,7 min, Ukraynadan 36,1 min, Türkmənistandan 33 min, Küveytdən 31,3 min, İsraildən 28,9 min turist gəlib.

Azərbaycan bu il də dünyanın ən cəlbedici səyahət istiqamətlərindən biri kimi qalmaqdadır. Dünyanın səyahət və turizm sahəsində ixtisaslaşmış nüfuzlu və məşhur “Wanderlust Magazine” beynəlxalq jurnalı 2025-ci ildə səyahət üçün tövsiyə edilən ən yaxşı istiqamətlərin siyahısını açıqlayıb. Siyahının ilk üçlüyündə Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Alberta (Kanada) və Azərbaycan yer alıb.

Bu, bir daha sübut edir ki, Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını turistlər üçün cəlbedici edib. Əlbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq Qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etdi. Bu gün işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə abadlıq-quruculuq işləri aparılır və turistlərin diqqəti həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinə cəm edilir. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşa çevrilib. Ermənilərin qurbanına çevrilən abidələrimiz bərpa və təmir edilir, şəhərlərimiz müasir məkana çevrilir. Artıq Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir. Bununla bağlı konseptual layihə icra olunur. Son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artıb baş verib. İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Həmçinin ilk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevrilir. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi: “Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.”

Sevinc Azadi, “İki sahil”