Bineyi-qədimdən Azərbaycanda qadına – anaya həmişə böyük ehtiram və hörmət bəslənmiş, O, həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Müasir dövrdə də qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi xeyli artıb. Azərbaycanın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilib. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, Dövlət proqramlarının hazırlanması öz əksini tapıb.
2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2006-cı ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qadın, kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. Yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri