Azad yaşamaq hər bir xalqın hüququdur
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxunun məhz Fransa tərəfindən törədilməsi danılmaz faktdır. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.
İnkarolunmaz faktdır ki, kolonializm siyasətindən hələ də əl çəkə bilməyən Yelisey Sarayı Avropadan kənarda, Sakit və Atlantik okeanlarının dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir. Bu arzuların reallaşmasının qarşısının alınması üçün ən iyrənc metodlara əl atır. Yüz illər keçsə də Fransa kolonializminin iyrənc, utancverici metodları bu gün də davam etməkədədir. Hazırda Fransız Qvianasında sosial vəziyyətin getdikcə pisləşməsi, əhalinin təxminən yarısının yoxsulluq astanasında olması, işsizliyin səviyyəsinin durmadan yüksəlməsi bunun əyani təsdiqidir. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.
Azərbaycanın hazırda Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqların müstəmləkəçiliyə qarşı mübarizəsini daim dəstəkləyib. Qoşulmama Hərəkatının tədbirlərində, həmçinin COP29 çərçivəsində bu məsələlər daim diqqətdə saxlanılıb. Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edib. 2024-cü ilin may ayında Qrupun çağırışı ilə Fransanın son müstəmləkələri olan Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri “KANAK xalqı ilə həmrəylik” mövzusunda video-konfrans təşkil etmişdilər. Tədbirdə çıxış edənlər Fransa polisi və jandarm qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşilikləri kəskin qınamışdılar. Nümayəndələr beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının qarşısını almağa çağırmışdılar.
BTQ beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, azadlıq və müstəqillik” ideyasının ətrafında birləşməyə və Fransa kolonializminə “Yox”, müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə” deməyə səsləmişdi. Bundan başqa, ötən il iyunun 13-də Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə “Dekolonizasiya prosesində beynəlxalq təhlükəsizlik, diplomatiya və effektiv kommunikasiyanın rolu” mövzusunda hibrid konfrans təşkil edilib. Əvvəlcədən bildirildiyi kimi, konfransda 30-a yaxın Azərbaycan və Keniya media nümayəndələri, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransız Qvianasının milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak ediblər.
BTQ yarandığı gündən Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara böyük bir dəstək olub. Hazırda Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azadlığı uğrundakı mübarizəsinə mühüm töhfələr verir. Bu günlərdə BTQ Fransanın müstəmləkə əsarəti altında olan ərazilərdən media nümayəndələrinin ölkəmizə səfərini təşkil edib. Səfər proqramı çərçivəsində xarici jurnalistlər üçün media və kommunikasiya sahəsində təlim keçirilməsi bunun əyani təsdiqidir.
Deyəsən, bütün bunlar rəsmi Parisi narahat edir. Bu mənada Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals fevralın 28-də Yeni Kaledoniyaya səfəri zamanı Azərbaycanı Fransanın dənizaşırı ərazilərinə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandırması, habelə ölkəmizi Qarabağda guya “etnik təmizləmə” aparmaqda ittiham etməsi riyakarlığın, qərəzkarlığın və ikiüzlülüyün pik nöqtəsidir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov M.Valsın açıqlamalarını Fransanın öz müstəmləkə siyasətini və kanak xalqına qarşı davam edən repressiyalarını ört-basdır etmək üçün növbəti uğursuz cəhd kimi qiymətləndirərək BTQ-nin heç bir dövlətin daxili işlərinə müdaxilə etmədiyini bəyan edib: “Hazırda BTQ Fransanın koloniyalarda törətdiyi vəhşilikləri, habelə etnik təmizləmə də daxil olmaqla ağır cinayətlərini özündə əks etdirən və faktlara əsaslanan hesabatlar üzərində işləyir. Fransa rəsmiləri günahı kənarda axtarmamalı və diqqətini koloniyalarında insan hüquqlarının kobud şəkildə pozulmasına, eləcə də əsarət altında saxladığı xalqlarla onilliklərdi nəticəsiz qalan danışıqlara yönəltməlidir. Azad yaşamaq həm də bu xalqların hüququdur”.
Zahid Rza, “İki sahil”