Prezident İlham Əliyevin təsdiqlədiyi «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı»nın tətbiqi ilə bu qədim diyar inkişaf edir, gözəlləşir
«Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü» söyləyən Prezident İlham Əliyevin muxtar respublikaya səfərlərinin hər biri yeniliklərlə zəngin inkişaf mərhələsi kimi yaddaşlarda qalıb.
Bu ənənəyə sadiq qalan Prezident İlham Əliyevin ulu məskənə göstərdiyi diqqət sayəsində və birbaşa tapşırığı ilə görülən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təminatı, enerji təchizatı, müasir yolların inşası, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması bu qədim diyarın simasını daha da gözəlləşdirib.
Prezident İlham Əliyevin təsdiqlədiyi «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı» prioritetləri şaxələndirməklə Ulu Öndərin irsinə sadiqlik ifadəsidir. Proqramda nəzərdə tutulan, muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirəcək islahatlar biri-birindən aktual, məsuliyyətli və möhtəşəmdir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda azad iqtisadi zonanın yaradılması, ticarət və logistika imkanlarının genişlənməsi ilə bağlı vəzifələrin nəzərdə tutulması bilavasitə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir.
«Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı»nın təsdiqlənməsi ilə bağlı Sərəncamda qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdu. Regionların sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən həyata keçirilən Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində muxtar respublikada da iqtisadiyyatın inkişafı sürətlənmiş, yeni iş yerləri, müəssisələr açılmış, əhaliyə göstərilən yol, nəqliyyat, kommunal və sosial infrastruktur xidmətləri yaxşılaşmışdır. Hazırda bu qədim diyarda əlverişli biznes mühiti formalaşmış, investisiyaların cəlb edilməsi sahəsində önəmli addımlar atılmış, ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində kompleks proqramlar hazırlanmışdır. İslahatların icra mexanizminin monitorinqi və qiymətləndirilməsi üçün aidiyyəti orqanların qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Qarşıdakı illər üçün nəzərdə tutulan Dövlət Proqramı”na əsasən, yaradılacaq sənaye parkları vasitəsilə muxtar respublikada istehsal olunan məhsulların ixracı stimullaşdırılacaq, rəqabətqabiliyyətli istehsal sahələrinə dövlət dəstəyi artırılacaq, əlavə investisiyalar cəlb olunacaq. İnnovasiyalar, habelə dövlət–özəl bölmə tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək. Sənaye Məhəllələrinin yaradılmasına diqqət artırılacaq. Təbii sərvətləri, zəngin resursları, müalicəvi suları, dərman bitkiləri ilə zəngin olan, tarixi abidələri ilə qonaqları heyran edən Naxçıvanda istehsal olunan məhsulların Avropa bazarlarına, region ölkələrinə çatdırılması üçün sənəddə lazımi imkanların yaradılmasının birbaşa icra strukturlarına tapşırılması islahatların icra mexanizminə məsuliyyəti artırır.
«Bakı Enerji Həftəsi: 2023» çərçivəsində «Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı» mövzusunda xüsusi sessiyanın Ulu Öndərin doğulub, boya –başa çatdığı Naxçıvan şəhərində keçirilməsi müdrik şəxsiyyətin xatirəsinə ehtiram,geosiyasi əhəmiyyəti ilə seçilən muxtar respublikaya diqqətin ifadəsi idi. Bu qədim diyarın yaşıl enerji zonası elan olunması, elektrik enerjisi ilə tələbatının üçdə birinin bərpaolunan enerji hesabına ödənilməsi göstərir ki, ulu məskən adını şöhrəti ilə doğrultmuş bu diyarın «yaşıl enerji» marafonuna qoşulması Naxçıvanın iqtisadiyyatına önəmli töhfədir. Sülh, barışıq yolu olacaq Zəngəzur dəhlizinin bərpası ilə bu qədim diyar yenidən Tarixi İpək Yolunan varisi olduğunu təsdiqləyəcək.
2023-cü ildə Prezident İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə regionda sabitlik yaradacaq enerji və nəqliyyat layihələrinin yeni istiqamətləri, bu istiqamətdə görüləcək genişmiqyasılı işlər müəyyənləşdirilmişdi. Dünya ictimaiyyətinin maraqla izlədiyi və beynəlxalq nəqliyyat- kommunikasiya, enerji layihələrinin reallaşmasına yeni imkanlar yaradacaq prioritetlər bu gün də aktualdır. Türk birliyini daha da möhkəmləndirəcək Orta Dəhliz layihəsinin qırılmaz zənciri olan Zəngəzur dəhlizinin bərpası istiqamətində aparılan danışıqlar Türkiyə ilə Azərbaycanın eynilik təşkil edən mövqeləri regional sabitlik baxımından daha önəmlidir. İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, Naxçıvan-Bərpa İstehsalat Hərbi Kompleksinin açılış mərasimləri türk dünyasının birliyinə yönələn həmrəyliyin ifadəsi olmaqla perspektivlərin bələdçisi idi.
Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən, İğdır-Naxçıvan qaz- boru kəmərinin tikintisi bütünlükdə bölgə üçün böyük əhəmiyyətə malik olmaqla «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı»”nın tərkib hissəsidir. İğdır-Naxçıvan qaz kəmərinin Azərbaycanın əsas qaz şəbəkəsinə qoşulması ilə Azərbaycanın regional, strateji əhəmiyyəti daha da artacaq. Hazırda istifadə olunan kəmərlərin otürücülük qabiliyyəti Avropanın tələbatını ödəyə biləcək həcmdə olmadığı üçün İğdır-Naxçıvan qaz kəməri ilə əlavə ehtiyacların ödənilməsi mümkün olacaq. Avropa bazarında Azərbaycan qazına marağı daha da artıracaq. Perspektivdə Ərbil qazının da bu kəmərə qoşulması nəzərdə tutulur. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə olduğu kimi, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.
Beləliklə, qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə muxtar respublika yaşıl enerji zonasına çevriləcək. Cələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq. Başqa sözlə deyilsə Naxçıvanda imzalanan sənədlər Şuşa Bəyannaməsinin davamıdır. Bu layihə Orta Dəhlizin bir qolu kimi Azərbaycana, Türkiyəyə, eyni zamanda, digər ölkələrə xidmət göstərəcək. Prezident İlham Əliyevin əvvəllər prioritet kimi söylədiyi «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq» sözləri iki qardaş ölkənin ortaq dəyərlərinin təcəssümü, Avropaya uzanan yol xəritəsidir. Bu xəritənin başlıca amili Zəngəzur dəhlizinin açılmasıdır. Türkiyə ilə Azərbaycan üçün çox mühüm strateji kommunikasiya olan bu dəhlizin işə düşməsi ilə Bakıdan çıxan nəqliyyat vasitələri birbaşa Qarsa gələ biləcəklər. Kəmər istifadəyə verildikdən sonra Naxçıvanın qaza olan tələbatı artıq Türkiyə vasitəsilə ödəniləcək”.
Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olacaq. Hər şeydən öncə bu kəmərin reallaşması ilə Naxçıvanın İrandan qaz asılılığına son qoyulacaq. Bu kəmər Naxçıvanın bir mənbədən asılılığını aradan qaldıraraq, enerji təminatını daha etibarlı edəcək. Ekspertlərin fikrincə, İğdır-Naxçıvan kəməri muxtar respublikanın alternativ və daha təhlükəsiz enerji təminatını həyata keçirməyə imkan verəcək.
Xuraman İsmayılqızı, «İki sahil»