Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı strateji hədəfimizdir
«Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.» Dövlət başçısı İlham Əliyev bu fikirlərinin davamı olaraq onu da qeyd edir ki, işğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında bu barədə artıq bir neçə dəfə demişdim. Belə fikirlərlər də eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı reallıqların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Hadisələrin təhlili ölkə Prezidentinin «Nəyi, necə, nə vaxt etmək lazımdır bilirəm» çağırışının təsdiqidir. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Baxmayaraq ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Ermənistana dərs vermişdi. Bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları dərsləri tez unutdular. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Düşünürdük ki, Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan silahlı qüvvələri aldıqları dərsdən nəticə çıxarar. Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə nə fiziki, nə də mənəvi cəhətdən müharibə aparmaq iqtidarındadır. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikasının say tərkibinə və dəyərinə diqqət yetirmək kifayətdir. Ermənistan kimi kasıb ölkənin belə hərbi texnikaya malik olması, ən əsası məhv edildikcə yenilərinin əvəzlənməsi maraq doğurmaya bilməzdi. Münaqişənin həllinin 30 il uzanmasında belə ikili siyasətlərin rolu inkaredilməz idi. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. «Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər: «Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır.
Azərbaycan qarşıya qoyduğu hədəfə yüksək səviyyədə nail olur. Ona görə cənab İlham Əliyev bu çağırışı edir ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün tarixi Zəfərimizə, həmçinin bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasına söykənərək bunu qeyd edirik. İlk vaxtlar məlumdur. Ölkəmizə qarşı nə qədər əsassız ittihamlar irəli sürüldü, sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçdilər. Bu gün də davam edir. Əsasssız, məqsədli kampaniyalar iradəmizə təsir edə bilməz. Çünki işimiz haqq işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zaman bu məkandan Ermənistana mühüm mesajlarını çatdırır. Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidəlrimiz dağıdıldı, məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin təkcə tarixi Zəfərimizdən bir günlük antiterror tədbirlərinə qədər Ermənistan silahlı qüvvələrinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq sərhəddə törətdikləri təxribatlara diqqət yetirmək kifayətdir. «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli addım» əməliyyatlarını yada salaq. Ermənistan yenə də bu əməliyyatlardan dərs almadı. Törədilən təxribatlar dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri qaçılmaz oldu. Torpaqlarımız separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Prezident İlham Əliyev bu çağırışı etdi ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq.
Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. Tariximizin bu məqamlarına da diqqət yetirək. XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Sonrakı dövrdə ermənilər azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
Tariximizin hər bir səhifəsinin öyrənilməsi, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması hər bir azərbaycanlının əsas hədəflərindən biri olmalıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələrdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, ermənilərin əsl üzünün dünya ictimaiyyətinə çatdırılması, tariximizin saxtalaşdıpılmasına yol verilməməsi idi. Onun ilk görüşünün ziyalılarla olması, tarixçilərimiz qarşısında mühüm vəzifələr qoyması da bunun bariz nümunə idi. Bu çağırış səsləndirildi ki, tarixin saxatalaşdırılmasına yol verilməməlidir. Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzaladı. Fərmanda bildirilirdi ki, adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
1905-1907, 1918-1920, 1948-1953- cü illərdə Rusiya imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq proseslərindən istifadə edən Ermənistanda görünməmiş anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenis (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti, ötən əsrin 80-ci illərinin sonlarında daha da şiddətlənən və qanlı olaylarla müşahidə olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə Ermənistan dövlətinin rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Bu gün Quba məzarlığındakı dəhşətləri seyr edən xarici qonaqlar belə erməni vəhşiliyinin qurbanlarının taleyinə soyuqqanlı yanaşa bilmirlər. Qubada, Bakının köhnə məhəllələrindən sayılan Çəmbərəkənddə aşkarlanan, kütləvi qırğınları əks etdirən məzarlıqlar erməni vəhşiliyinin illərdən bəri gizli qalan yeganə ünvanı deyil. 1988-ci ildə ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. Separatçı ermənilərin Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.
Bunlar tarixdir. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa- olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük» bildirən cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, o torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə qayıdış gününü gözləyirlər. Artıq Böyük Qayıdış Proqramı artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar: «Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik… Hər şey bizim əlimizdədir.»
Yeganə Əliyeva, «İki sahil»