Politoloq: Fransanın iflasa uğrayan daxili və xarici siyasətinin günahkarı bilavasitə Makron və onun komandasıdır
Avropa İttifaqının əsas üzvlərindən olan Fransa yenə öz ampluasındadır. Bu ölkənin İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotininin növbəti sayıqlamasından sonra Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals Yeni Kaledoniyaya səfəri zamanı ölkəmizi dənizaşırı ərazilərə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandırmaqla yanaşı, rəsmi Bakını Qarabağda guya “etnik təmizləmə” aparmaqda ittiham edib. Əslində isə görünən odur ki, Fransa bu əsassız kampaniyaları ilə həm Ermənistanı müdafiə edir, həm də özünün neokolonial siyasətinə bəraət qazandırır. Halbuki, Azərbaycan heç bir zaman XXI əsrdə də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın nə daxili, nə də xarici siyasətinə qarışmayıb, sadəcə, onun törətdiyi vəhşilikləri faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırıb.
Şübhəsiz, bütün bu iddialar Fransa Prezidenti Emmanuel Makronun mövqeyidir. Bununla da ermənipərəst Makron öz xislətinə uyğun olaraq sülh üçün real şərait yarandığı bir dönəmdə Cənubi Qafqazda barışın, əmin-amanlığın tərəfdarı olmadığını, regionda sabitliyi pozmaqda israrlı olduğunu bir daha ortaya qoyub. Əgər Fransa regionda sülh və sabitlikdə maraqlı olsaydı bu kimi absurd yanaşmalara və açıqlamalara son qoyardı. Şübhəsiz, bununla da Makron və onun komandası Ermənistanı yeni bəlaya sürükləyir. Rəsmi Parisin təcavüzkar ölkəni silahlandırması, revanşistləri dəstəkləməsi kimi amilləri nəzərə alsaq, bunun artıq bir həqiqət olduğunu əminliklə söyləyə bilərik.
Politoloq Anar Əliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın Yeni Kaledoniyaya səfəri zamanı Azərbaycana qarşı irəli sürdüyü ittihamlar absurddur: “Fransalı nazir unudur ki, ölkəsinin iflasa uğrayan həm daxili, həm xarici siyasətinin günahkarı bilavasitə Makron və onun komandasıdır. Amma onlar kənarda günahkar axtarmağa çalışmaqla sanki məsuliyyətdən yayınmağa çalışırlar”.
Politoloq vurğuladı ki, baş verən proseslər Makron Fransasının müstəmləkəçilik siyasətindən, həmçinin dünyanın bir çox regionlarında, o cümlədən Cənubi Qafqazda iddialarını gerçəkləşdirmək məqsədilə atdığı addımlardan qaynaqlanır: “Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Bu mənada belə yalan iddialarla nə dünya ictimaiyyətini, nə də Fransa xalqını aldatmaq mümkün deyil. Bir məsələni də qeyd edim ki, Makron başda olmaqla Fransa hökuməti bu günə qədər 100 minlərlə insanın yurd-yuvalarından didərgin salınmasına, soydaşlarımızın etnik təmizləməyə məruz qalmasına bir dəfə də olsun obyektiv yanaşma nümayiş etdirməyib. Bununla da Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vəhşiliklərə ortaq olduğunu nümayiş etdirib. Amma Fransa bir ovuc erməninin Qarabağ bölgəsini könüllü surətdə tərk etməsini Ermənistanın cinayətkar, siyasi liderlərinin, həmçinin erməni diaspor təşkilatlarının çağırışlarına əsaslanaraq “etnik təmizləmə” kimi qələmə verməkdə davam edir. Amma görünən odur ki, bunu sübut edə biləcək bir dənə də fakt ortaya qoya bilmir. Bununla da Fransa beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə ayaqlar altına ataraq Azərbaycanın imicinə xələl gətirməyə çalışır. Bu da təbii ki, Makron Fransasının öz siyasi riyakarlığına, ikiüzlülüyünə və cinayətkar fəaliyyətinə bəzəkli siyasi don geyindirmək cəhdidir”.
Anar Əliyevin sözlərinə görə, BMT-nin neokolonializm siyasətinin qarşısının alınması ilə bağlı qətnaməsinin tələblərinə uyğun şəkildə davranış nümayiş etdirən Azərbaycanın Fransanın daxili və xarici işlərinə müdaxilədə ittiham olunması bir daha sözügedən dövlətin siyasətinin iflasa uğradığını nümayiş etdirir: “Azərbaycan Fransa kimi bir dövlətin daxili işlərinə müdaxilə edə biləcək gücdədirsə, Fransa isə daxili işlərinə müdaxiləyə imkan verəcək qədər zəifdirsə, bunu açıq şəkildə etiraf etsinlər. Azərbaycan bu günə qədər bütün fəaliyyətində beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq addımlar atıb. Fransa bunun əksini sübut edə biləcək faktlar təqdim edə bilmirsə, hesab edirəm ki, xalqına, dövlətinə, beynəlxalq hüquqa hörmət etməyən Makron və onun komandası birdəfəlik susmalıdır. Bakıda Fransaya casusluqda ittiham edilənlərin məhkəmə prosesində aşkara çıxan biabırçı faktlar fonunda bu ölkənin öz abırına qısılmaq əvəzinə, baş verənlərdən nəticə çıxarmayıb belə addımlar atmaqda davam etməsi Makrona yaxşı heç nə vəd etmir. Yəni, bütün bunlar Makron iqtidarının Fransa xalqı və siyasi elitası tərəfindən yarıtmaz bir hakimiyyət kimi qiymətləndirilməsinə doğru getməsindən xəbər verir. Fikrimcə, artıq bu proses başlayıb. Belə ki, dəfələrlə Fransa hökumətinə və Prezident Makrona etimadsızlıq məsələsi qaldırılıb. Hesab edirəm ki, daxildəki narazılıqları arxa plana keçirmək məqsədilə atılan bu addımlar yanlışı düzəltmək əvəzinə onu daha da böyütmüş olacaq. Amma Makron utanıb-qızarmadan heç bir əsas olmadan Fransanın daxili işlərinə “müdaxilə” edənlərin olmasını ortaya atmaqla özünü təmizə çıxarmağa çalışır. Təbii ki, bu heç bir real effekt verməyəcək. Əksinə bütün bunlar Makron və onun komandası üçün çox ciddi problemlər yaratmış olacaqdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”