Qartallar məskəni Həsənriz öz sakinlərinə qucaq açıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini qəbul edir.
Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb. Bu münasibətlə keçirilən yığıncaqda kənd sakinləri Azərbaycan dövlətinə öz razılıqlarını ifadə ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, igid qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, amansız vuruşmalarda Ağdərə rayonu dəfələrlə əldən-ələ keçib. Həsənriz kəndi də onun kimi yağılar tərəfindən zəbt edilib. O vaxtdan həsənrizlilər mühasirə vəziyyətindən çıxaraq Azərbaycanın müxtəlif rayonlarına səpələndilər. Ermənistanın işğalçı qoşunlarının böyük birləşmələri məhz Ağdərədə toplanmışdı. Onların əsas məqsədi Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarını ələ keçirib Kür çayı sahillərinə çıxmaqla işğalı daha da genişləndirmək idi. Terror dəstələri yaxınlıqdakı kəndlərə hücum edir, əhalini kütləvi surətdə vəhşicəsinə qırır, evləri yandırır, infrastrukturu məhv edir, qəbiristanlıqları dağıdırdılar. Ağdabanda, Sırxavənddə, Güney Pəyədə, Umudluda, Narınclarda və başqa kəndlərdə insanlığa qarşı törədilən görünməmiş cinayətlər heç vaxt yaddan çıxmaz. Ağdərədə yuva bağlamış işğalçılar Kəlbəcər rayonunu yarımmühasirə vəziyyətində Tərtərin, Ağdamın, Daşkəsənin, Goranboyun yaşayış məntəqələrini atəş altında saxlayırdılar. Ağdərədəki erməni quldur dəstələri Sərsəng su anbarını işğal altında saxlamaqla altı rayonun iqtisadiyyatına ağır zərbə vururdular. Nəticədə əkin sahələri, cavan bağlar, yaşıl otlaqlar susuzluqdan yanıb məhv olurdu. Bu isə məhsul qıtlığı, milyonların itirilməsi, əhalinin dolanışığının çətinləşməsi demək idi.
Nəhayət, o günlər arxada qaldı. 2020-ci ilin payızında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək qaçmağa məcbur etdi. Düşmən ordusunun qovulmasından sonra 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı nəticəsində separatçılar və muzdlu başkəsənlər Qarabağı tərk edib Ermənistana getdilər. Ondan sonra dövlətimiz bu yerlərdə tikinti, abadlıq, yenidənqurma və bərpa işlərinə start verdi. Çox keçmədən infrastrukturun yaradılmasına, yaşayış evlərinin inşasına başlanıldı. Artıq otuz üç illik ayrılıqdan sonra Həsənriz kəndinin sakinləri doğma yurda qayıdırlar. Əlbəttə, bu gün onların sevincinin həddi-hüdudu yoxdur. Ailələrdə sevinc göz yaşları ilə qarışıq bayram əhval-ruhiyyəsi də var.
Ağdərəyə qayıdış həm də xarici bədxahlarımızın 1990-cı illərdə yürütdükləri anti-Azərbaycan siyasətinə tutarlı cavabdır. Ədalətsiz və bədnam 907-ci düzəlişi yenidən dirildən baydenlər utansınlar. Artıq əhali Ağdamın üç böyük kəndinə də qayıtmağa hazırlaşır. Bu qayıdışlar bir zaman bizi alçaldıcı sülhə təhrik edənlərə qulaqbatırıcı şapalaqdır. Bizə ədalət və demokratiya nağıllarını, ərazimizi gəlmə ermənilərə güzəştə getməyimizi təlqin etməyə çalışan insan qanı hərislərinin dişləri sındırıldı, maskaları götürüldü, əsl sifətləri ifşa edildi. İndi kənd və şəhərlərimizə kütləvi qayıdışlar həmin dairələrin gözlərinə ox kimi sancılır. Otuz ildən artıq müddətdə Azərbaycan xalqına müsibətlər yaşadanlar bundan sonra etdiklərinin bədəlini ödəyəcəklər. Utanc və üz qarası sifətlərindən heç vaxt əskik olmasın...
Hündür qayalarının başında qartallar dövrə vuran Həsənriz kəndi isə azad və rahat həyatına qədəm qoymuşdur. Şükürlər olsun!
Vəli İlyasov, “İki sahil”