Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb.
"İki sahil" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.
Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəf, "KazMunayQaz”ın İdarə Heyətinin (İH) sədri Asxat Xasenov, “Tatneft”in baş direktoru Nail Maqanov və “Uzbeknefteqaz”ın İH-nin sədri Baxodirjon Sidikov çıxış edib. Daha sonra sənədlərin imzalanması mərasimi keçirilib.
Konfrans çərçivəsində, həmçinin, “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.