06 mart 2025 01:57
123

Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək

Azərbaycanın son beş ildə apardığı fəaliyyət Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni - təhlükəsiz bir mühitin yaranmasına səbəb oldu. Torpaqların işğaldan azad edilməsi, xüsusilə keçirilən antiterror tədbirləri nəticəsində separatçı terrorçu qruplaşmanın ləğvi bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatmasına şərait yaratdı. Beləliklə, növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövr başladı. Bu günün rakursundan baxdıqda, bu təhlükəsizlik xəttinin vaciblik indeksi daha yaxşı nəzərə çarpır. Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Bizə yaxın coğrafiyalarda - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar günün həm siyasi, həm də iqtisadi mənzərəsinin xilası kimi dəyərləndirilə bilər. Beləliklə, yaranan fürsət uzun illərdir ki, Şərq-Qərb ticari yolunun ən mühüm və strateji həlqəsi, seqmenti kimi çıxışetmə imkanına malik Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsinə yolaçma ehtimalını gücləndirir. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma dəhlizi, onun elementləri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha vurğuladı və bunun Azərbaycanın mühüm layihəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin mütləq şəkildə həyata keçiriləcəyini bəyan edərək, bu layihənin ölkənin regional və beynəlxalq strateji mövqeyini gücləndirəcəyini vurğuladı. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əsas hissə ilə birləşdirən, həmçinin ölkənin cənub və şimal bölgələrini birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu layihə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə, Türkiyə, Azərbaycan və İran arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək.

Prezident İlham Əliyev bu layihənin yalnız regional deyil, beynəlxalq səviyyədə də böyük önəm kəsb etdiyini diqqətə çatdırır. Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır. Dəhlizin açılması, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat bağlantısı yaratmasına imkan verəcək.

Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır. Azərbaycan isə sözügedən məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımları atıb və atmaqdadır.

Lakin Ermənistanın adekvat reaksiya sərgiləməməsi səbəbindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ləngiyir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi rakursda təsirsiz ötüşmür. Təbii ki, hadisələrin bu səpkidə inkişafı regionun lider və qalib ölkəsi olan Azərbaycanın maraqlarına, mənafelərinə cavab vermir. Bütün bunlardan irəli gələrək, Azərbaycan bir daha ən yüksək səviyyədə Ermənistana Zəngəzur dəhlizi ilə bağlı konkret yanaşmasının nədən ibarət olduğunu çatdırdı. Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaranmasını,  Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafimaneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ümdə şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd edilən xüsusda dövlət başçısı bildirir: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Bir daha qeyd edilməlidir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli Bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.  Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Zahid Rza, “İki sahil”