06 mart 2025 10:39
105

Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu

Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində müstəsna rol oynayıb. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub və qadınlar belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını Vətən torpaqlarını öz canı-qanı bahasına işğaldan azad etmiş qəhrəman övladlar yetişdirən ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. 

Ulu Öndər Heydər Əliyev  qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atmış, əsasən idarəçilik sisteməndə qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlamışdır. Ulu Öndər Heydər Əliyev istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görüb.

Ulu Öndərimizin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. 2000-ci ildə Ulu Öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib.

Ulu Öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə xüsusi diqqətlə yanaşır. 2006-cı ildə dövlət başçımızın sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Elə həmin ildə də Milli Məclis cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib.

Bu siyasətin uğurla həyata keçirilməsində, eləcə də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında ölkənin Birinci xanımı Mehriban Əliyevanın müstəsna rolu vardır. Xüsusi olaraq belə bir vacib məqamı qeyd etmək lazımdır ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə misilsiz töhfələr verir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri