Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu hazırda yüksək bir mərhələdədir. Bu gün Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfəri iki qardaş dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Həmin gün iki dövlət başçılarının iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
İlk növbədə qeyd edilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Həmçinin hazırda kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə onun gələcəkdə genişləndirilməsi imkanları vardır.
Mərasim zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir”. Dövlətimizin başçısı deyib: “Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.
Vurğulanıb ki, bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı bildirib ki, “Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.
“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - deyə Türkiyə Lideri vurğulayıb.
Qeyd edilib ki, BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Əminliklə söyləmək olar ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra daha böyük zirvələr fəth edəcək.
İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü