Azərbaycan qadını bütün zamanlarda müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim əzmlə çalışmışlar. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual səviyyəyəsinin bariz nümunəsidir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun parlaq nümayişidir.
Azərbaycan qadınları son yüz ildə ölkəmizin təhsil, səhiyyə, mədəniyyət və sosial-ictimai sahələrində də fəaliyyət göstərmiş və böyük uğurlar əldə etmişlər. Əminik ki, sizlər bundan sonra da dəyərlərimizin, ənənələrimizin yaşadılması üçün səylərinizi əsirgəməyəcəksiniz.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayaraq 44 gün müddətində davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi torpaqlarımızı azad edərək Zəfər qazandı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu Zəfərin əldə olunmasında göstərilən qəhrəmanlıq, qorxmazlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini, onları xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirdiyini bir daha təsdiqlədi.
Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.
Əziz xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ölkəmizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Əminə Ağazadə,
Milli Məclisin dəputatı