06 mart 2025 12:47
150

Şəkər xəstəliyi riskini azaltmanın yolu

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, diabet dünya üzrə 422 milyon insanı təsir altına alıb və bu sağlamlıq problemi getdikcə daha geniş yayılır. Qeyri-sağlam həyat tərzi, bu xəstəliyin yaranma riskini artırdığı üçün, diabetdən qorunmaq da çətinləşir. Lakin son araşdırmalar, diabet riskini azaltmaq üçün yemək vaxtlarının da yediklərimiz qədər əhəmiyyətli olduğunu göstərir.

"NTV Türkiyə" "Annals of Internal Medicine" jurnalında dərc olunan bir araşdırmaya istinadla xəbər verir ki, məhdud vaxt ərzində qidalanma sağlamlığa müsbət təsir göstərir və diabet riskini azaldır. Araşdırmanın nəticələrinə görə, xüsusilə 2-ci tip diabet riski daşıyan insanlar, yemək vərdişlərini bədənlərinin təbii sirkadiyen ritminə uyğunlaşdıraraq bu xəstəliyin qarşısını ala bilərlər.

Bu metoda əsasn yeməklər yalnız 8-10 saat ərzində yeyilir və günün qalan hissəsi oruc tutulur. Bu yanaşma qan şəkəri səviyyələrini idarə etməyə kömək edir. Araşdırma göstərib ki, bu zaman aralığında yemək yemək, HbA1c səviyyələrində əhəmiyyətli yaxşılaşmalara səbəb olur və metabolizmanın sirkadiyen ritmlərinə uyğunlaşması sağlamlığı artırır. 

Bədənin bioloji saatı 24 saatlıq bir dövrü izləyir və yeməklərimizi bu ritmə uyğunlaşdırmaq, pankreasın yükünü azaldaraq qan şəkəri tənzimləməsini yaxşılaşdırmağa kömək edir. Gecə saatlarında yeməkdən qaçınmaq, uzunmüddətli metabolik sağlamlığı dəstəkləyir və diabet riskini azaldır.

Araşdırmalar həmçinin göstərir ki, bu qidalanma rejimi, qarın yağlarını azaltmaqla yanaşı, əzələ kütləsinin qorunmasına da kömək edir. Visseral yağın azalması, 2-ci tip diabet və digər metabolik xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu nəticələr göstərir ki, qidalanma vərdişlərinin zamanla uyğunlaşdırılması, sağlamlığı qorumaq və şəkər xəstəliyinin qarşısını almaq üçün təsirli bir metod ola bilər.

Fidan Fərmanlı,
Bakı Slavyan Universitetinin tələbəsi