06 mart 2025 12:35
90

Qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir

8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya olan münasibət ilə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.

Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.

Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.

Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etmiş, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini