06 mart 2025 16:41
139

Azərbaycan qadınları müstəqil Azərbaycanın inkişafına böyük töhfələr verir

Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Böyük mədəni irsə malik olan Azərbaycan qadını da çətin, keşməkeşli inkişaf olu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına– anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”. Bu gün dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Cənab Prezident İlham Əliyev təşəbbüsü ilə ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı