08 mart 2025 18:02
206

8 Mart ölkəmizdə sevilən bayram kimi qeyd olunur

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəxalq Qadınlar Günü sevilən bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir. Çünki ölkəmizin qadınları buna layiqdirlər. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq olmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olaraq, öz dərin zəkaları və tükənməz daxili potensialları ilə tarixin bütün dövrlərində olduğu kimi bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. 

Azərbaycan qadınları ana olmaqla yanaşı, eyni zamanda ictimai fəaliyyətləri ilə müasir proseslərə ayaqlaşaraq intellektual səviyyələrini daim artırır, yüksək təhsilə malik, kamil şəxsiyyət kimi formalaşırlar. Qadınlara qayğı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün lazımı şərait yaratmışdır. “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır” deyən Ulu Öndər Heydər Əliyevin fərman və sərəncamları ilə Azərbaycan Respublikasında  qadın siyasətinin əsası qoyulmuş,  ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nigaha daxil olmağa razılıq, minimal nigah yaşı və nigahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulmuşdur.

1998-ci ilin 14 yanvarında Ulu Öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. 2000-ci il mart ayının 6-da “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında” Fərmanın qəbul edilməsi  isə  ölkəmizdə qadın siyasətinin həyata keçirilməsi istiqamətində atılan növbəti addım olmuşdur. Ümummilli Liderin qadınlara olan sonsuz qayğısının, qadın problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün qadınlar dövlətimizin hərtərəfli inkişafında mühüm rola malikdirlər. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2006-cı il fevral ayının 6-da “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısını bir daha nümayiş etdirdi. Qadınların problemlərinin həlli ilə bağlı konkret qanunvericilik bazası yaradaraq, onların irəli çəkilməsi üçün şərait yaratdı.

Azərbaycanı beynəlxalq miqyasda yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında müstəsna xidmətlər göstərən,  Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikasında da qadınlar daim diqqət mərkəzində saxlanılır. Məmnunluq hissi ilə özümə qeyd etməyi borclu bilirəm ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da qadınların hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu gün elə bir ixtisas, elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Qadınlarımız muxtar respublikamızda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir, dövlətimizin hərtərəfli inkişafına öz töhfəsini verir, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandıqları uğurları ilə nüfuzlarını ilbəil artırırlar. Əminliklə vurğulamaq istərdim ki, qadınlarımız muxtar respublikamızda  gənc nəslin milli adət-ənənələrə, Azərbaycançılıq məfkurəsinə bağlılıq və vətənpərvərlik  ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə daha da fəallıq göstərərək qüvvələrini, bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Əziz qadınlar!  Mən də öz adımdan Sizləri bu gözəl bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!

Vüsal Məmmədzadə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı