Yaponiyada rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Xirosima və Naqasaki faciələri zamanı sağ qalan insanlarla görüşüb.
“İki sahil” xəbər verir ki, Sercio Mattarella Xirosimada Sülh Memorialının önünə əklil qoyub, 1945-ci il avqustun 6-da şəhərə atılan atom bombası qurbanlarının xatirəsini ehtiramla yad edib, Sülh Muzeyini ziyarət edib.
İtaliya Prezidenti vurğulayıb ki, atom bombasından bir daha heç vaxt istifadə edilməməlidir. “Nüvə müharibəsini heç kim qazana bilməz. Biz ötən əsrin imperialist toqquşmalarına qayıtmamalıyıq”, - deyə o bildirib.
Sercio Mattarella səfər çərçivəsində paytaxt Tokioda Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşüb. İtaliya Prezidenti, həmçinin Kioto şəhərinə səfər edib.