Abşeronda fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil” və “AzGerNeft” şirkətlərinin rəhbərlikləri qadın əməkdaşlarına qeyri-adi hədiyyə edib. Onlar sıralarında çalışan 700-ə yaxın neftçi qadın üçün Prezident İlham Əliyevin sərəncamı ilə bu il 140 illiyi qeyd edilən Üzeyir Hacıbəylinin xatirəsinə ithaf olaraq milli musiqi məktəbimizin bəstəkarlarının mahnılarından ibarət konsert təşkil ediblər.
Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında keçirilən “Mədən Gülləri” adlı bayram konsertində tanınmış tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov Azərbaycan bəstəkarlarının sevilən mahnılarını ifa edib.
Müslüm Maqomayevin bəstəsi olan “Azərbaycan” mahnısı ilə konsert proqramını bitirməmişdən əvvəl xalq artisiti bildirib ki, milli-mənəvi dəyərlərimizi Zəfər qazanan gənclərimizə ötürən məhz Azərbaycan analarıdır. “Mən, hər birinizin qarşısında baş əyirəm” deyən Samir Cəfərov neftçi qadınların bayramından xatirə kimi onlarla selfie çəkdirib.