Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi, qocaldıqca ağlını itirən Vardan Oskanyan Avropa “turnesi”ndən yenicə qayıdıb. Elə İrəvana çatan kimi hazırda Bakıda mühakimə olunan ermənilərlə bağlı növbəti dəfə sayıqlayıb. Üzdəniraq “siyasətçi” Oskanyanın fikrincə, guya onların saxlanılması beynəlxalq hüququn ciddi şəkildə pozulması və qlobal diplomatik prosesin legitimliyinə meydan oxumaqdır. Bu, Vardan Oskanyanın sözügedən məsələ ilə bağlı ilk sayıqlaması deyil. Belə ki, o, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) təsir rıçaqları kimi istifadə etmək, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək təşəbbüsü ilə də çıxış etmişdi.
Amma bu bədbəxt hələ də anlamır ki, mühakimə olunanlar azərbaycanlılara qarşı dünya miqyasında misli-bərabəri olmayan dəhşətlər törədiblər. Elə bu səbəbdən onların məhkəmə qarşısında cavab vermələri beynəlxalq hüquqa tamamilə uyğundur. Şübhəsiz, təqsirləndirilən şəxslərin günahsızlığı sübuta yetirilsə, azadlıqlarına qovuşacaqlar. Təqsirli olduqları müəyyənləşsə isə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Çünki özünün multikultural xəttinə, ənənələrinə sadiq olan Azərbaycan məhkəməni həm beynəlxalq humanitar hüququn, həm də ölkəmizin qanunvericiliyinin bütün normalarını gözləməklə həyata keçirir.
Həmin sayıqlamasında Oskanyan guya indiyədək onların taleyi ilə kifayət qədər maraqlanmadıqlarına görə Hayastan rəsmilərini də qınayıb. Bununla da o, erməni xislətinə uyğun olaraq gözə kül üfürməyə çalışıb. Əslində isə məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində, yəni Nikol Paşinyanın komandasında da ciddi narahatlıqlar doğurub. Məsələn, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, guya Azərbaycanın ermənilər üzərində qurulmuş məhkəmə prosesi ilə bağlı təqdimatları hayların hisslərinə təsir göstərmək məqsədi daşıyır. Daha bir erməni deputat Tiqran Abramyan isə sosial şəbəkədəki paylaşımında yazıb ki, müttəhim statusunda olan ermənilər nəinki total təzyiq və psixoloji hücumlara məruz qalırlar, həm də qeyri-qanuni prosesdə iştirak etmək məcburiyyətindədirlər. Halbuki, beynəlxalq ictimaiyyət də görür ki, onların psixoloji durumları ilə bağlı heç bir problem yoxdur. Bu mənada demək olar ki, hayların məhbus manipulyasiyası uğursuz cəhddən başqa bir şey deyil. Məsələn, separatçı-terrorçu rejimin quldurbaşı Araik Harutunyan məhkəmədə etiraf edib ki, Qarabağda yerləşdirilən və Azərbaycana qarşı vuruşan Ermənistan ordusu olub. Araik onu da etiraf edib ki, Azərbaycanın cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məskənlərinin raket atəşinə tutulması göstərişi məhz rəsmi İrəvandan verilib. Araik Harutunyan, həmçinin bildirib ki, Xankəndidəki keçmiş qondarma rejim Ermənistan tərəfindən yaradılıb, maliyyələşdirilib və idarə olunub. Bütün bunlar da Azərbaycan ərazilərinin işğalı və bu işğal nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatlara görə Ermənistanın məsuliyyət daşıdığını bir daha ortaya qoyur. Buna görə də Bakıda davam edən məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıqlar doğurur və bu onları əks-təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir.
Bəli, Ermənistan rəsmiləri də Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparırlar. Onlar bununla elə zənn edirlər ki, bu yolla sülh danışıqlarında Azərbaycanı hansısa güzəştlərə getməyə məcbur edə biləcəklər. Şübhəsiz, bu, onların növbəti xam xəyallarından başqa bir şey deyil. Bu yerdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir fikrini xatırlatmaq yerinə düşər. O bildirib ki, məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökumətinin keçid dövrü ədalətinin bərpasına və regionda dayanıqlı sülhün bərqərar olunmasına töhfə vermək üçün Azərbaycanla əməkdaşlıq etməsi daha yaxşı olar. Onun fikrincə, bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent olacaq.
Qeyd edək ki, Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Qvami Məhəbbətoğlu, “İki sahil”