12 mart 2025 00:28
153

Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL

 Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatlarında bir daha bildirdi ki,   qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərin uğurlu icrası hazırda ölkəmizin dünyanın təhlükəsizliyinin təminatında oynadığı rolda özünün aydın ifadəsini tapır. Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da  möhkəmləndirir. «Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir.  Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə,  bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın,  lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir.

 «Əsrin müqaviləsi»nin imzalandığı 1994-cü ildən ötən dövrün  təhlili belə bir ümumiləşdirməyə əsas verir ki,  Azərbaycan hər bir hədəfə ardıcıllıqla nail olur. Qarşıya hədəflər qoyulur, onlara yüksək səviyyədə nail olmaqla yeni hədəfəlr müəyyənləşdirilir.  «Əsrin müqaviləsi»ndən sonra regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. 2017-ci ildə «Yeni əsrin müqavmləsi»nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, etibarlı tərəfdaş kimi  artan nüfuzunun təqdimatı oldu. 2014-cü ildə təməli qoyulan Cənub Qaz  Dəhlizi  2020-ci il dekabrın 31-də tam tərkibdə istifadəyə verildi. Artıq bu gün Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın tərkibinin genişləndirilməsi əsas hədəflər sırasındadır.  

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına  daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim  xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız   region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki,  nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir.  Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Ötən il Azərbaycan dünyanın mötəbər tədbirinə-COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq: «Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq… Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər… Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik…Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.» Prezident İlham Əliyev bildirir ki,  bu tədbiri  çox böyük uğur adlandırmaq olar. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.

COP29-da 200-ə yaxın ölkədən 76 min iştirakçı, təbii ki, Azərbaycanın təqdimatı oldu.  Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, müxtəlif tədbirlərdəki beynəlxalq çıxışlarına diqqət yetirsək görərik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  Qarabağın və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respubilkasının yaşıl enerji zonasına çevrilməsi prioritetdir. COP29 yaşıl enerji sahəsində yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynadı. Bakıdakı COP-u bundan sonrakı COP-lar üçün stimul olacaq.

Onu da qeyd edək ki, 2022-ci ilin  dekabr ayında  Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirilmişdi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Cənab İlham Əliyev bildirir ki,  bu layihə çərçivəsində  ən azı  4 qiqavat yaşıl enerjini Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.

Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə  bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, əlbəttə, görüləcək işlər çoxdur. TANAP,  TAP genişlənməli,  digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır.  Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli,  komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm faktor olan  qarşılıqlı səfərlər zamanı aparılan müzakirələrdə də iqtisadi amil əsas yer tutur. Enerji sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafında öz sözünü deyir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində iki ölkənin prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı da mühüm məqamlara işıq saldı. Mərasimdəki çıxışında «Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik» söyləyərək vurğuladı ki, ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri-TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq: «Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik. Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq.  İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.»

Ötən ay ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşlərdə, liderlərin mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi məsələlərdən biri də enerji sektorunda əməkdaşlıq oldu. Səfər çərçivəsində imzalanan sənədlər arasında bu sahəyə verilən önəm özünü qabarıq şəkildə büruzə verdi. Belə ki,  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti, həmçinin “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə imzalandı.  Onu da qeyd edək ki, “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi də imzalandı. Pakistanın Baş naziri vurğuladı ki, imzalanmış Anlaşma memorandumları və sazişlər gələcəkdə çox yaxşı dividendlər gətirməsi üçün  səmimi səylərimizi təşviq edəcək. SOCAR və pakistanlı həmkarları sıxılmış maye qaz razılaşmasını əlavə 2 il müddətinə uzatdılar.

Ölkəmizlə həm  ənənəvi enerji, həm də  bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də   onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.

Martın 11-də ölkəmizdə  rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək  və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında da dövlət başçısı İlham Əliyev dünyanın enerji təhükəsizliyinin təminatında Azərbaycanın artan rolundan bəhs etdi.  Cənab İlham Əliyev bildirdi ki, son ayların müsbət əlaməti  ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Bu il artıq müntəzəm olaraq Azərbaycan Şimiali Makedoniyanın  bazarını təbii qazla təmin edəcək. Gələcəkdə  lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki  bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və  müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki,  istehsalımız bundan daha çoxdur. Çünki  yerli tələbat da ödənilir. Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq  çox önəmlidir. Bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova vurğuladı ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Ədavə olaraq o da qeyd edildi ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq.

Göründüyü kimi, hər dövrün öz  çağırışı vardır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu enerji diplomatiyamızın mühüm uğurudur. İkitərəfli əməkdaşlıq əlaqələrinin yeni priortetlər üzrə inkişafı beynəlxalq səviyyədə əlaqələrin inkişafına geniş imkanlar açır.

Yeganə Əliyeva, «İki sahil»