12 mart 2025 12:49
84

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların iştirakı ilə “Novruz sədaları” adlı konsert proqramı təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların iştirakı ilə Milli İncəsənət Muzeyində “Novruz sədaları” adlı konsert proqramı keçirilib.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, tədbirdə uşaqları Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları müşayiət ediblər.  

Konsertdə Sosial Xidmət Mərkəzlərinin nəzdində yaradılmış “Parla” inklüziv mədəni kollektivinin üzvləri də yaddaqalan ifaları və rəqs nömrələri ilə çıxış ediblər. Kollektivin üzvləri tərəfindən ifa olunan “Uzundərə” rəqsi və “Ana” şeiri tamaşaçıların böyük marağına səbəb olub.

Keçirilən tədbir həssas kateqoriyadan olan uşaqların ictimai inklüziyası, asudə vaxtının səmərəli təşkili və dünyagörüşünün artırılması məqsədi daşıyıb.