Martın 12-də Nizami Kino Mərkəzində “Xocalı. Son toy…” sənədli-bədii filminin təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, filmin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, “Xocalı. Son toy…”un layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Abdullayev, ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadədir. “Global Media Group” və “Report” İnformasiya Agentliyinin reallaşdırdığı film, 32 il əvvəl Xocalıda yarımçıq qalmış bir toyun gerçək hekayəsindən bəhs edir.
“Report” İnformasiya Agentliyinin rəhbəri, filmin prodüseri Fuad Hüseynəliyev AZƏRTAC-a açıqlamasında filmin ideyasının illər əvvəl çəkilmiş toy fotosuna əsaslandığını bildirərək deyib: “Ekran əsərinin əsas süjet xətti illər sonra Xocalıya geri dönən həmin ailənin və o toydakı qonaqların yarımçıq qalmış məclisi davam etdirmələri üzərində qurulub. Xocalı işğal edilməmişdən əvvəl çəkilmiş toy şəkli cəmiyyət arasında geniş yayılmışdı. Biz həmin bəyi və gəlini - Vasif Qafarov və Dürdanə Məmmədovanı araşdırıb tapdıq, onların yaşadıqları hadisələri dinlədik. O toy ənənəvi qaydada keçirilməmişdi, “Vağzalı” səslənməmişdi. Çünki ermənilərin növbəti hücumu yaxınlaşırdı. Biz qərara gəldik ki, Xocalı işğaldan azad edildikdən sonra toyun iştirakçılarını bir araya gətirək və bu mərasimi tamamlayaraq tarixdə bir iz buraxaq. O vaxt toyda musiqi ifa edən insanları da taparaq filmin bədii hissəsinə daxil etdik”.
Vasif Qafarov həyat yoldaşı Dürdanə Məmmədova ilə birlikdə filmin çəkilişlərinə əvvəlcə tərəddüdlə yanaşdıqlarını diqqətə çatdıraraq bildirib: “1992-ci il yanvarın 18-də vəziyyət artıq çətin idi. Atam demişdi ki, bu toyu edək, bəlkə insanların içindəki qəm-qüssə azalar. Günorta başlayan toy erməni hücumuna görə yarımçıq qaldı. Filmin çəkiləcəyini eşidəndə əvvəlcə qəbul etmək istəmədik, lakin sonra düşündük ki, bu, Xocalının səsi ola bilər. Çəkilişlər zamanı həm sevinc, həm də kədər hiss etdik. Sanki o günlərə qayıtdıq”.
Filmdə rol alan əsas aktyorlardan biri, “Report” İnformasiya Agentliyinin əməkdaşı Tuncay Türbəndəzadə öz hisslərini belə ifadə edib: “Bu ekran işində rol almağım qürurvericidir. Xocalı bizim qan yaddaşımızdır. Çəkilişlər 10-12 saat davam edirdi. Yorulsaq da, nəticənin uğurlu olacağına inanırdıq. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Canlandırdığım obrazın gerçək həyatda mövcudluğu, onun hadisələrin şahidi olması mənim üçün böyük məsuliyyət idi”.