“Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir.
“İki sahil” səhmdar cəmiyyətə istinadla xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində İmişli və Beyləqan rayonlarının bir sıra ərazilərində köhnəlmiş elektrik təsərrüfatı yenisi ilə əvəz olunur.
İmişlinin Oruclu kəndində işlər tam yekunlaşıb. Kənddə 7 Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 0.4 və 10 kV-luq yeni dayaqlar əkilib, müasir elektrik xətləri çəkilib. Həmçinin Xubyarlı kəndinin elektrik təsərrüfatı yenidən qurulur.
Beyləqan rayonunun 4 kəndində – Aşağı Çəmənli, Aşıqalılar, Qaradağlı və Yuxarı Çəmənlidə yenidənqurma işləri hazırda davam edir. Qaradağlı kəndində yeni güc mərkəzləri – 5 KTM quraşdırılıb. 10 kV-luq yeni metal dayaqlar əkilib, açıq xətlər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz olunub. Həmçinin 0.4 kV-luq dayaqlar və xətlər də yenilənib.
İmişli və Beyləqan daxil olmaqla ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlar üzrə 14 kənd və qəsəbənin elektrik təsərrüfatı yenidən qurulur.
İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ölkənin digər regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.